Forum dostlara və uğurlarımızı istəməyənlərə yönələn mesajlarla tarixə düşəcək - Rəy

15:58 13.07.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Şuşada keçirilən IV Qlobal Media Forumu bu il də beynəlxalq informasiya gündəminin əsas müzakirə platformalarından biri kimi diqqət çəkib. Dünyanın onlarla ölkəsindən media nümayəndələrinin, ekspertlərin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdiyi forum çərçivəsində regional təhlükəsizlik, Orta Dəhlizin perspektivləri, media diplomatiyası, dezinformasiyaya qarşı mübarizə və Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar geniş müzakirə olunub. Forumun əsas diqqət mərkəzində olan məqamlardan biri isə Prezident İlham Əliyevin xarici jurnalistlərlə açıq dialoqu və səsləndirdiyi mesajlar olub.

"Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev Hafta.az-a açıqlamasında Şuşa Forumunun Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi və yeni regional reallıqların dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Şuşa Media Forumu ənənəvi olaraq keçirilən beynəlxalq tədbir kimi hər dəfə dünyanın diqqətinə yeni müzakirə mövzuları çıxarır. Çünki hər il təşkil olunan forum ötən dövr ərzində baş vermiş həm regional, həm də qlobal hadisələrə sistemli baxış nümayiş etdirir, geniş təhlillər aparılır və yeni geosiyasi təzahürlər fonunda proqnozlar, eləcə də mülahizələr irəli sürülür.

Aydın Quliyevin sözlərinə görə, builki forumda da həm dünya, həm də Azərbaycan üçün maraq doğuran regional və qlobal, ikitərəfli və çoxtərəfli məsələlərlə bağlı mühüm fikirlər səsləndirildi. Xüsusilə də Prezident İlham Əliyevin forumun açılışındakı çıxışı və beynəlxalq media nümayəndələrinin suallarını cavablandırması bu baxımdan xüsusi maraq doğurdu.

"Burada Azərbaycanın Orta Dəhlizinin genişlənən imkanları ilə bağlı mühüm mülahizələr səsləndirildi. Orta Dəhlizin Avrasiyada rolunun artması, xüsusilə də onun getdikcə təhlükəsizlik və səmərəlilik baxımından alternativsiz marşruta çevrilməsi diqqət çəkən əsas məqamlardan biridir. Eyni zamanda, bölgəmizdə sülh prosesinin irəlilədilməsi üçün heç vaxt indiyədək bu qədər geniş imkanların olmadığı və buna heç vaxt indiyədək bu qədər böyük ehtiyac yaranmadığı ölkə Prezidenti tərəfindən forum çərçivəsində xüsusi vurğulandı", - A.Quliyev bildirib.

Ekspert hesab edir ki, forumda səsləndirilən ən mühüm fikirlərdən biri də Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi reallıqların artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsidir:

"Bir zamanlar biz bölgəmizdə yeni reallıqların yaradılması uğrunda mübarizə aparır, bunun üçün çalışırdıq. Bu yeni reallıqların mahiyyət etibarilə nədən ibarət olacağını hər kəs əvvəlcədən görə bilmirdi. Ancaq bunu görən bəzi beynəlxalq qüvvələr Azərbaycana hər vasitə ilə maneçilik törədirdilər. Prezidentin də qeyd etdiyi kimi, bu gün bölgədə formalaşan yeni reallıqlar Azərbaycanın böyük səyləri və daha güclü qüvvələrin ciddi maneçilik cəhdləri şəraitində gerçəkləşdirilib. Bu gün həmin reallıqlar təkcə Azərbaycan tərəfindən deyil, beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilir və yeni əməkdaşlıq modellərinin əsasını təşkil edir. Artıq dünyanın əsas güclərinin ciddi cəhdlərlə inkar etməyə çalışdıqları bu bölgədəki yeni reallıqlar və yeniliklər onların da qəbul etdikləri dəyərlərə və istinad nöqtələrinə çevrilir. Bu gün yeni reallıqların Orta Dəhliz üzərində nə qədər geniş imkanlar açdığını dünyada hər kəs görür. Buna görə də ölkə Prezidenti yeni reallıqlar fonunda Orta Dəhlizin nə qədər mühüm strateji əhəmiyyət daşıdığını və bu marşrut boyunca yeni əməkdaşlıq formatlarının formalaşdığını xüsusi olaraq diqqətə çatdırdı".

A.Quliyev bildirib ki, forum zamanı səsləndirilən digər mühüm mesajlardan biri də Azərbaycanın artıq regional siyasətdə "Orta Güc" statusuna yüksəlməsi ilə bağlı olub:

"Eyni zamanda, çox xoş haldır ki, Azərbaycanın həqiqətən də Orta Gücə çevrildiyi ilk dəfə olaraq dövlət başçısı tərəfindən açıq şəkildə bəyan olundu. Azərbaycanın Orta Gücə çevrilməsi ölkəmizin böyük çətinliklərdən keçərək qazandığı nailiyyətlərin nəticəsi olmaqla yanaşı, bundan sonrakı uğurlarının da mühüm istinad nöqtəsinə çevriləcək. Şuşa Qlobal Media Forumu Azərbaycanın həm dostlarına, həm də ölkəmizin uğurlarını istəməyən dairələrə ünvanlanan mühüm mesajları ilə tarixə düşəcək".

Siyasət rubrikasından digər xəbərlər