"Şuşada keçirilən Qlobal Media Forumu bir daha nümayiş etdi ki, müasir beynəlxalq münasibətlər sistemində informasiya amili artıq diplomatiyanın ayrılmaz tərkib hissəsinə çevrilib. Bu baxımdan forumun əsas mövzusu - "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" - təkcə jurnalistika üçün deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik və əməkdaşlıq baxımından da strateji əhəmiyyət daşıyır".
Bunu Hafta.az-a şərhində "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinin suallarını açıq, konkret və faktlara əsaslanaraq cavablandırması göstərdi ki, Azərbaycan öz mövqeyini hər hansı təbliğat üzərində deyil, beynəlxalq hüququn prinsipləri və bölgədə formalaşmış yeni geosiyasi reallıqlar əsasında təqdim edir.
B.Quliyev vurğulayıb ki, forumun ən mühüm nəticələrindən biri dünyanın müxtəlif ölkələrindən gəlmiş nüfuzlu media nümayəndələrinin Azərbaycanın yaratdığı yeni reallığı yerində müşahidə etmək imkanı əldə etməsi oldu:
"Uzun illər birtərəfli informasiyalar əsasında formalaşmış təsəvvürlərin əvəzinə, onlar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, müasir şəhərsalma layihələrini, infrastrukturun yenidən qurulmasını və sülh gündəliyinin praktik nəticələrini öz gözləri ilə gördülər. Bu gün beynəlxalq medianın üzərinə düşən əsas vəzifə sensasiya yaratmaq deyil, həqiqəti obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırmaqdır. İnformasiya manipulyasiyasının geniş yayıldığı bir dövrdə peşəkar jurnalistikanın məsuliyyəti daha da artır. Şuşa Forumu da məhz bu baxımdan etimadın bərpasına xidmət edən mühüm beynəlxalq platforma kimi çıxış edir".
B.Quliyev bildirib ki, Prezident İlham Əliyevin çıxışında verilən əsas mesajlardan biri də Azərbaycanın regionda davamlı sülhün tərəfdarı olması idi. Dövlət başçısı bir daha bəyan etdi ki, Cənubi Qafqaz qarşıdurma məkanı deyil, əməkdaşlıq, iqtisadi inteqrasiya və qarşılıqlı etimad regionuna çevrilməlidir. Bu yanaşma Azərbaycanın həyata keçirdiyi xarici siyasətin ardıcıl və prinsipial xarakter daşıdığını bir daha nümayiş etdirir. Ekspert vurğulayıb ki, Şuşadan beynəlxalq ictimaiyyətə verilən digər mühüm mesaj Azərbaycanın müstəqil qərarlar qəbul edən, milli maraqlarını qətiyyətlə müdafiə edən və eyni zamanda qlobal əməkdaşlığa açıq dövlət olması ilə bağlı idi. Onun sözlərinə görə, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, yaşıl enerji, rəqəmsal transformasiya və humanitar əməkdaşlıq sahələrində Azərbaycanın irəli sürdüyü təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu daha da gücləndirir.
B.Quliyev qeyd edib ki, Şuşa Forumunda iştirak edən xarici jurnalistlərin çoxluğu və onların Prezident İlham Əliyevə ünvanladıqları müxtəlif məzmunlu suallar da dünya mediasının Azərbaycana artan marağının göstəricisidir. Bu marağın əsas səbəbi Azərbaycanın regional proseslərdə həlledici aktora çevrilməsi və qlobal gündəlikdə mühüm rol oynamasıdır:
"Düşünürəm ki, Şuşa Qlobal Media Forumu təkcə jurnalistlərin peşəkar müzakirə platforması deyil, həm də Azərbaycanın həqiqətlərini beynəlxalq informasiya məkanına birbaşa çatdıran mühüm diplomatik tribuna oldu. Buradan verilən mesajlar göstərdi ki, həqiqətin ən güclü müdafiəçisi obyektiv media, etimadın ən möhkəm təminatçısı isə şəffaf dialoqdur. Azərbaycan da məhz bu prinsiplər əsasında beynəlxalq əməkdaşlığın genişlənməsinə və regionda dayanıqlı sülhün möhkəmlənməsinə öz töhfəsini verməyə davam edir".