“Şuşada öz işinə başlayan Qlobal Media Forumu ildən-ilə beynəlxalq informasiya məkanında nüfuzunu artıraraq qlobal media gündəmini müəyyənləşdirən mühüm platformalardan birinə çevrilir. Dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, media rəhbərlərinin və ekspertlərin iştirak etdiyi forum təkcə peşəkar fikir mübadiləsi üçün deyil, həm də Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya birbaşa çatdırılması baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin xarici media nümayəndələri ilə ənənəvi açıq dialoqu isə tədbirin əsas diqqət çəkən məqamlarından biri kimi qiymətləndirilir”.
Bu fikirləri Hafta.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib. O, qeyd edib ki, atıq bir neçə ildir Şuşada keçirilən Beynəlxalq Media Forumu təkcə Azərbaycanın deyil, regionun ən nüfuzlu media platformalarından birinə çevrilib.
Dekan vurğulayıb ki, hər il müxtəlif ölkələrdən jurnalistlərin, media rəhbərlərinin, ekspertlərin və beynəlxalq təşkilatların nümayəndələrinin bu tədbirə maraq göstərməsi forumun qlobal informasiya məkanında qazandığı nüfuzun və beynəlxalq əhəmiyyətinin bariz göstəricisidir:
“Forumun əsas özəlliklərindən biri Azərbaycan Prezidenti İlham Əliyevin xarici media nümayəndələri ilə ənənəvi görüşü və açıq dialoqudur. Dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin dövlət başçısına regionda baş verən geosiyasi proseslər, beynəlxalq təhlükəsizlik, enerji siyasəti, nəqliyyat dəhlizləri, media mühiti və digər aktual məsələlərlə bağlı suallar ünvanlaması, onların isə ətraflı və birbaşa cavablandırılması forumun şəffaf və açıq müzakirə platforması kimi nüfuzunu daha da artırır. Bu görüşlər beynəlxalq media nümayəndələri üçün hadisələri birbaşa mənbədən öyrənmək imkanı yaratmaqla yanaşı, Azərbaycanın mövqeyinin qlobal auditoriyaya çatdırılmasına da mühüm töhfə verir. Şuşanın belə bir beynəlxalq tədbirə ev sahibliyi etməsi xüsusi simvolik məna daşıyır. Forum iştirakçıları Azərbaycanın media mühiti, rəqəmsal transformasiya, dezinformasiyaya qarşı mübarizə, süni intellektin mediaya təsiri və beynəlxalq informasiya təhlükəsizliyi kimi aktual mövzuları müzakirə etməklə yanaşı, Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə də yerində tanış olurlar. Bu isə xarici jurnalistlərdə bölgə ilə bağlı daha dolğun və obyektiv təsəvvürün formalaşmasına xidmət edir".
V.Zifəroğlu qeyd edib ki, son illər foruma marağın davamlı şəkildə artması onun artıq ənənəvi beynəlxalq dialoq platformasına çevrildiyini göstərir:
"Dünyanın müxtəlif regionlarından nüfuzlu media qurumlarının, ekspertlərin və jurnalistlərin tədbirdə iştirakı burada müzakirə olunan məsələlərin qlobal media gündəmi üçün də xüsusi əhəmiyyət daşıdığını təsdiqləyir. Bu forum Azərbaycanın media diplomatiyasının gücləndirilməsi, beynəlxalq informasiya əməkdaşlığının inkişafı və ölkənin mövqeyinin dünya ictimaiyyətinə birbaşa çatdırılması baxımından strateji əhəmiyyət kəsb edir".