“Fransa səfirinin Gürcüstanda siyasi böhran olduğunu deməsi qeyri-ciddidir” - Şalva Papuaşvili

11:27 04.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Bütün səfirliklər diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının çərçivəsində fəaliyyət göstərsinlər və ev sahibi ölkənin daxili işlərinə müdaxilə etməsinlər”.

Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə Fransa səfirinin Gürcüstanda böhran olması ilə bağlı bəyanatını şərh edərkən bildirib.

Papuaşvilinin sözlərinə görə, dövlətin daxili işlərinə müdaxilə diplomatik missiya nümayəndəsi tərəfindən beynəlxalq hüququn pozulmasıdır.

“Bunu bir neçə dəfə qeyd etmişəm, həmçinin Fransa səfirinin bəyanatlarına və fəaliyyətlərinə dəfələrlə münasibət bildirmişəm. Görürük ki, Gürcüstandakı radikal qüvvələrə xüsusi dəstək verilir. Mən həm Fransa səfirliyinə, həm də digər səfirliklərə çağırış etdim ki, Gürcüstan parlamentinin binası qarşısında onların maliyyələşdirdiyi şəxslər tərəfindən təşkil olunan aksiyalar zamanı törədilən hücumları pisləsinlər və onlardan məsafə saxlasınlar. Sonuncu belə hücum 31 martda oldu, bina zədələndi. Dekabrda parlament binasına hücum zamanı isə yarım milyon lari dəyərində ziyan vuruldu. Təəssüf ki, heç kim zorakılığı pisləmir, əksinə, təşviq olunur” deyən parlamentin sədri ABŞ prezidentinin Fransadakı hadisələrlə bağlı verdiyi açıqlamada bu prosesləri “cadugərlərə qarşı ov” adlandırmasını xatırladıb. Bildirib ki, reallıqda, Fransada dörd ay əvvəl sabiq prezident Sarkozi məhkəmə qarşısına çıxarıldı və ona üç il həbs cəzası verildi. İndi isə əsas müxalifət lideri və prezident seçkilərində əsas rəqib olan Le Pen məhkəmə qarşısına çıxarılıb və dörd il cəza alıb.

“Bu fonunda Fransa səfirinin siyasi təzyiq, senzura və sair barədə danışması sadəcə qeyri-ciddidir. Fransada siyasi opponentlərə qarşı məhkəmələr keçirilir, son tədqiqatlara görə, “Le Figaro”nun keçirdiyi sorğuda əhalinin 60 faizi prezidentin istefasını, 50 faizi isə yeni parlament seçkilərinin keçirilməsini istəyir. Belə bir vəziyyətdə, Fransa səfirinin Gürcüstan ədalət sisteminə hücum etməsi və guya burada siyasi böhran olduğu barədə danışması qeyri-ciddidir” deyən Papuaşvili ölkədə akkredasiya olunmuş diplomatlara çağırış edib: “Bir daha bütün səfirlərə, o cümlədən Fransa səfirinə çağırış edirəm ki, diplomatik münasibətlərə dair Vyana Konvensiyasının çərçivəsində qalsınlar. Xüsusilə də 41-ci maddənin tələbləri çərçivəsində, bu maddə diplomatları ev sahibi ölkənin daxili işlərinə müdaxilə etməməyə borclandırır. Təəssüf ki, bunu standartdan kənar bir qaydaya çeviriblər. Diplomatlar nədənsə hesab edirlər ki, beynəlxalq hüququn onlara qoyduğu məhdudiyyətlərə baxmayaraq, sərbəst şəkildə Gürcüstanın daxili işlərinə qarışa bilərlər. Onların bəzilərinin qeyri-peşəkar açıqlamalarını, Gürcüstanın ədalət sisteminə, parlamentinə və bu parlamenti seçmiş xalqa qarşı hücumlarını görürük. Əgər onlara, özlərinin dediyi kimi, Rusiyanın davranışı xoş gəlmirsə - bu davranış beynəlxalq hüququ pozur - xatırlatmaq istərdim ki, dövlətin daxili işlərinə müdaxilə etmək də beynəlxalq hüququn pozulmasıdır. Rusiyanın başqa ölkələrin işinə qarışmasını tənqid edənlər özləri də eyni şeyi etməməlidirlər. Ən sadə prinsip budur: ev sahibi ölkəyə və onun xalqına hörmət edilməlidir və onun işlərinə qarışmaq olmaz”.