Ötən ilin mart ayından etibarən ölkədə tətbiq edilən sərt karantin rejimi ilə əlaqədar fəaliyyəti dayandırılan mədəniyyət müəsisələrindən biri də teatrlardır. Daha sonra digər sahələrdə olduğu kimi, teatrlarda da tamaşaçılara səhnəciklər onlayn formada göstərilməyə başlanıldı. Lakin sirr deyil ki, canlı sənət nümunəsi olan bu mədəniyyət sahəsinin onlayn fəaliyyəti çətin özünü doğrulda. Keçən 1 ildə başqa sahələrə tətbiq edilən karantin tədbirlərində yumşaldılmalar olsa da, teatrların fəaliyyətində heç bir dəyişiklik edilməyib. Vəziyyətin belə nə qədər davam edəcəyi isə hələlik məlum deyil.
Nəzərinizə çatdıraq ki, bir müddət öncə Mədəniyyət naziri Anar Kərimov teatrların fəaliyyətinə qoyulan məhdudiyyətin yaxın zamanda aradan qalxma ehtimalının olduğunu demişdi. Dəyişməyən vəziyyətə isə Afaq Bəşirqızı, Naibə Allahverdiyeva kimi görkəmli incəsənət nümayəndələri öz etirazlarını bildirmişdilər.
Hafta.az-ın əməkdaşı məsələ ilə bağlı gənc teatr aktyor və aktrisalarının fikirlərini öyrəndi.
İlk müsahibimiz, Azərbaycan Dövlət Akademik Musiqili Dram Teatrının aktyoru Əmrah Dadaşov oldu. O, bütün teatr sevərlər və yaradıcı heyət olaraq taetrların açılacağı günü səbrsizliklə gözlədiklərini bildirdi:
“Bütün teatr sevərlər və yaradıcı heyət olaraq hər birimiz səbrsizliklə teatrların açılmağını gözləyirik. Təbii ki, arzumuz Covid-19 bəlasından tezliklə tam qurtulmaq, tamaşaçıların görüşünə yenidən gəlməkdir. İnanırıq ki, Operativ Qərargah teatrların da bərpasını tezliklə nəzərə alacaq”.
Gənc aktyor hesab edir ki, futbol yarışlarına tamaşaçıların müəyyən qaydalar çərçivəsində buraxılması üsulunu teatrlara da tətbiq etmək uğurlu olardı:
“İndiki halda belə ən azından stadionlara, iri ticarət mərkəzlərinə icazə varsa, “Covid pasportu” ilə teatrların da fəaliyyətinə icazə vermək olar. Ən azından zalın 1/3 tutumu ilə...”
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktrisası Asya Atakişiyeva da taetrların açılmasını səbrsizliklə gözləyənlər arasındadır:
“Əlbəttə, istəyərdik ki teatrlar, kinoteatrlar açılsın. Biz də öz fəaliyyətimizə davam edək. Amma, əsas olan can sağlığıdır, özümüzü qorumalıyıq. İnanıram ki, tezliklə hər şey bitər, biz də öz fəaliyyətimizlə məşğul olarıq”.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası Gültac Əlili də həmkarları ilə eyni fikirdədir. Aktrisanın sözlərinə görə, xəstəliklə bağlı vəziyyətin ağırlığı barədə tez-tez düşünsə də teatr sevər olaraq səhnələrə qayıdacağı günü “iplə çəkir”:
“Teatrların bağlı olması bütün aktyorlar kimi məni də düşündürən məsələdir. Bilirsiniz ki, aktyor yaradıcı insandır. İşləmədikcə paslanır sanki. Bizim də yaşımızın elə vaxtıdır ki daha çox işləmək, özümüzü, potensialımızı göstərmək istəyirik. Lakin bu ümumbəşəri problem olduğu üçün dövlətin verdiyi bütün qərarlara sayğı duyuruq. Virusun bu qədər çox yayıldığı bir vaxtda düşünürəm ki, teatrlara insanların axını yoluxmanın çoxalmasına səbəb olar. Nəzərə alsaq ki, vaksin olunan insanlar yenidən xəstəliyə yoluxur. Ona görə məsələ bir xeyli düşündürücüdür”.
Qeyd edək ki, ölkədə sərt karantin rejimi ilə əlaqədar qoyulan qaydalarla bağlı son yumşaldılma bu ilin iyul ayında oldu.