Naxçıvan Qarnizonu Qoşunlarında andiçmə mərasimləri keçirilib. Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən mərasimlərdə gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edildi və Dövlət Himnimiz səsləndirildi.
Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içdilər.
Tədbirdə hərbi andın mahiyyətindən danışan polkovnik Mübariz Rzayev şəxsi heyətə xidmətlərində uğurlar arzuladı.
Gənc əsgərlərdən Emil Rəhimov hərbi andın və nizamnamələrin tələblərinə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl edərək hərbi sirri qoruyacaqlarına, silah və döyüş texnikasını mükəmməl mənimsəyib həmişə saz, təmiz və döyüşə hazır vəziyyətdə saxlayacaqlarına söz verdi.
Andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatdı.