Bu gün Vətən müharibəsində torpaqlarımızın düşməndən təmizlənməsi naminə döyüşlərdə canından keçən igid oğullarımız – Şöhrət Əliyevin, Rəşad Məmmədovun, Nadir Abbasquliyevin, Asif Qocayevin, Anar Məmmədovun, İsmayıl Mustafayevin, Elşad Fərəcullayevin, Məhəmməd Hüseynovun və Surxay Cəfərovun şəhadətə yüksəlmələrinin ildönümüdür. Bu münasibətlə Gəncə şəhər icra hakimiyyətinin,YAP Gəncə şəhər təşkilatının əməkdaşları, şəhidlərin təhsil aldıqları məktəblərin kollektivi, o cümlədən, qazilər, şəhidlərin doğmaları, ictimaiyyət nümayəndələri Vətən müharibəsində şəhid olmuş igid oğulların anım mərasimində iştirak ediblər.
Bu barədə hafta.az-a Gəncə şəhər YAP təşkilatından məlumat verilib.
Mərasimdə 44 günlük Vətən müharibəsindən söz açılıb və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibədə qazanılan şanlı Qələbədə şəhidlərin şücaətindən danışıblar. İtirakçılar qəhrəman şəhidlərimizin keçdikləri döyüş yolundan, göstərdikləri vətənpərvərlik nümunəsindən danışan natiqlər illər keçsə də şəhidlərimizin və onların qəhrəmanlıqlarının unudulmayacağını vurğulayıb və belə igid Vətən oğulları ilə fəxr etdiklərini deyiblər.
“Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Bu gün torpaqlarımızı düşmən tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!”