Gözləri görməyən 1-ci qrup əlil köçkün ana yardım istəyir

19:13 04.11.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Dövlər səviyyəsində məcburi köçkünlərə, xüsusilə də əlillərə böyük diqqət və qayğı göstərilir. Onlar üçün şəhərciklər salınır, müasir tipli, hər cür şəraiti olan yeni mənzillərlə təmin olunurlar. Lakin elə məcburi köçkün, əlil ailəsi var ki, onlar dövlət qayğısından kənarda qalıb. Belə ailələrdən biri də  Laçın rayonundan məcburi köçkün düşmüş, 1-ci qrup əlil Həqiqət Rəşid qızı Kazımovadır.

Həqiqət  Kazımova mövcud durumu ilə bağlı “Həftə içi” qəzetinə müraciət ünvanlayıb:

”1992-ci ilin may ayında Laçın rayonu erməni ördusu tərəfindən işğal olunduqdan sonra, Abşeron rayonuna üz tutduq. Xirdalan şəhərində yerləşən Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin 2 saylı yataqxanasında məskunlaşdıq. Mən gözdən birinci qrup əliləm, qızım isə ayaqdan ikincı qrup əlildir. O vaxtdan bu günə kimi darısqal, heç bir şəraiti olmayan mənzildə qalmışıq. Həyat tərzimiz dözülməz həddə çatıb”.

Onun sözlərinə görə, qızı ilə birlikdə yaşayır: ”Qızım Xırdalan şəhər 9 saylı məktəbdə müəllim işləyir. Aldığımız məlumata görə, Xırdalan şəhərində məskunlaşmış qaçqınlar qısa bir zamanda mənzillə təmin ediləcək. Qaçqınlar üçün veriləcək evlər stansiya Sumqayıtda yerləşdiyi üçün biz əlil ailəsi üçün əlverişli olmayacaq. Ona görə ki, həmin ərazi əlil qızımın işlədiyi məktəbdən çox uzaqda yerləşir. Ayağından əlil olduğuna görə, qızım əsa ilə çox çətinliklə yeriyir və güc-bəla məktəbə gedib gəlir. Bu səbəbdən,  stansiya Sumqayıtdan  Xırdalan məktəbinə gedib-gələ bilməyəcək. Özüm də 1-ci qrup əliləm. Mənə qızım baxır. Ondan başqa heç kimim yoxdur. Bu barədə aidiyyəti qurumlara da müracət etmişəm.  Heç bir kömək olmayıb. İnanırıq ki, yaşlı və xəstə 1-ci qrup köçkün əlil ailəsinin yaşayış şəraitini nəzərə alan müvafiq qurumlar bizə öz köməkliyini əsirgəmiyəcək. İstəyimiz odur ki, bizi Xırdalandan, ya da Sumqayıt şəhərinin özündə tikilən binaların birində mənzillə təmin edə bilərlər. Bu, əlil qızım üçün də asan olar və məktəbə gedib-gəlməsini asanlaşdırar”.