Gürcüstan iqtisadiyyatı bu ilin ilk doqquz ayında 10,2 FAİZ BÖYÜYÜB

09:10 01.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın Milli Statistika İdarəsinin son məlumatlarına görə, ölkə iqtisadiyyatı sentyabrda 8,8 faiz, 2022-ci ilin ilk doqquz ayında isə ümumilikdə 10,2 faiz böyüyüb.

Hafta.az-ın yazdığına görə, keçən ay təxmin edilən real artım əsasən nəqliyyat və daşıma, informasiya və rabitə, tikinti, otellər və restoranlar şəbəkəsi, mədənçıxarma və karxana sahələrində qeydə alınıb. Daşınmaz əmlak fəaliyyətində isə əksinə, azalma nəzərə çarpıb.

Bu yaxınlarda Avropa Yenidənqurma və İnkişaf Bankı Gürcüstan üçün iqtisadi artım proqnozunu yüksəldərək iqtisadiyyatın il ərzində 8 faiz artacağını, yəni əvvəllər proqnozlaşdırılan 3 faizlik artımdan “əhəmiyyətli dərəcədə yüksək” olacağını gözlədiyini açıqlayıb.

Bundan əlavə, Asiya İnkişaf Bankı Gürcüstan iqtisadiyyatının 2022-ci ildə "daha yüksək ixrac və turizm gəlirləri, böyük pul köçürmələri axını və güclü şəxsi istehlak hesabına" 7 faiz artacağını proqnozlaşdırır.

Asiya İnkişaf Bankı aprel ayında verdiyi açıqlamada Gürcüstan üçün 2022-ci ildə 3,5 faiz, 2023-cü ildə isə 5 faiz artım proqnozlaşdırdığını bildirsə də, real prosesləri bir daha təhlil edərək Gürcüstanın real ümumi daxili məhsul artımının 2023-cü ildə 6 faiz olacağını bildirib.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bazar ertəsi bildirib ki, daxili yüksək iqtisadi artım sürətinə əsaslanaraq bu ilin “cütrəqəmli rəqəmlər üzrə” inkişaf edəcəyinə əmindirlər.