“Gürcüstan tranzit funksiyasını daha da gücləndirməyə çalışır” - İrakli Kobaxidze

09:05 19.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Avropa Siyasi Birliyinin sammitinin sənədində Gürcüstanla bağlı qeydin öz əksini tapması çox vacibdir. Xüsusilə, Gürcüstanın enerji əlaqələndiriciliyi, ümumiyyətlə tranzit funksiyası nöqteyi-nəzərdən xüsusi əhəmiyyəti ifadə edilib”.

Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

Hökumət başçısının qeyd etdiyi kimi, çox maraqlı müzakirələrin aparıldığı Avropa Siyasi Birliyinin sammiti başa çatıb.

“Müzakirələrdə Avropanın müxtəlif ölkələrindən olan prezidentlər və baş nazirlər iştirak edirdilər. Ümumiyyətlə, olduqca maraqlı format idi. Sammitdə müzakirə olunan enerji əlaqələndiriciliyi mövzusunda çıxış etmək imkanım oldu. Bu sammitin sənədində konkret olaraq Gürcüstanla bağlı qeydin öz əksini tapması çox vacib idi. Gürcüstanın məhz enerji əlaqələndiriciliyi və ümumiyyətlə tranzit funksiyası nöqteyi-nəzərdən xüsusi əhəmiyyəti ifadə olunub. Həmçinin, bizim ikitərəfli görüşlər keçirmək, müxtəlif Avropa ölkələrindən olan prezidentlər və baş nazirlərlə söhbət etmək imkanımız oldu. Gürcüstanın milli maraqları ilə bağlı mesajları paylaşmaq üçün bu formatdan maksimal olaraq istifadə etdik”, - deyə İrakli Kobaxidze bildirib.

Baş nazir bildirib ki, Gürcüstan Ukraynada müharibə başlayandan bəri formalaşmış geosiyasi vəziyyətin fonunda xüsusilə vacib olan öz tranzit funksiyasını daha da gücləndirmək üçün mütəmadi səy göstərir. Çünki Gürcüstanın bu baxımdan rolu, o cümlədən Orta Dəhliz təşəbbüsü çərçivəsində ifadə etmək üçün çoxlu resursları var.