“Havana sindromu”nda rus hərbi kəşfiyyatının rolu var?

10:42 02.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“İnsider” media qrupu bildirib ki, bütün dünyada ABŞ diplomatları və agentlərinə təsir edən sirli “Havana sindromu” xəstəliyi Rusiya hərbi kəşfiyyatının təxribat bölməsinin üzvləri tərəfindən istifadə edilən enerji silahları ilə əlaqəli ola bilər.

Hafta.az-ın yazdığına görə, nəticələri keçən il açıqlanan ABŞ kəşfiyyatı araşdırması, Birləşmiş Ştatların Kubanın paytaxtı Havanadakı səfirliyinin diplomatları tərəfindən ilk dəfə 2016-cı ildə bildirilən xəstəliyə görə xarici düşmənin məsuliyyət daşımasının "çox çətin" olduğu qənaətinə gəlib.

Bununla belə, Latviyanın paytaxtı Riqada yerləşən Rusiya mərkəzli araşdırmaçı media qrupu olan “İnsider”, Rusiyanın “29155” kimi tanınan hərbi kəşfiyyat bölməsinin üzvlərinin ABŞ personalının iştirak etdiyi tibbi olaylar zamanı hadisə yerində olduğunu bildirib.

“Reuters”in məlumatına görə, “İnsider”in “60 Minutes” proqramının Almaniyanın “Der Spiegel” jurnalı ilə birgə apardığı 1 il davam edən araşdırmada “29155”in yüksək səviyyəli üzvlərinin “öldürücü olmayan akustik silahlar”ın hazırlanması üzrə işlərinə görə mükafatlar ldıqları bildirilib.

Rusiya daha əvvəl məsələ ilə bağlı hər hansı əlaqəni təkzib etmişdi.

Xəstəliyin simptomlarına miqren, ürəkbulanma, yaddaşın pozulması və başgicəllənmə daxildir.

“İnsider” hesabatında ilk “Havana sindromu” hadisəsinin 2016-cı ildən əvvəl baş verdiyi bildirilir. "İki il əvvəl Almaniyanın Frankfurt şəhərində konsulluqda işləyən ABŞ hökuməti əməkdaşının güclü enerji şüası kimi görünən şeylə huşunu itirməsi ilə nəticələnən hücum ola bilər" deyilib.

Kreml bu xəbəri təkzib edib. “Reuters”in məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov belə bir ehtimalı təsdiqləyən heç bir sübutun olmadığını və mediada yer alan ittihamların əsassız olduğunu bildirib.

2021-ci ildə ABŞ Konqresi Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi və digər dövlət qurumlarına vəzifə yerinə yetirərkən xəstələnən işçilərinə və ailələrinə maaş verməyə icazə verən Havana Aktını qəbul edib.