Hazırda dünyada taxıl bazarındakı qiymətlər çox bahalaşıb - Ekspert

16:32 19.08.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Azərbaycanda un və çörəkin qiyməti yenidən bahalaşıb. Əslində bu bahalaşma gözlənilən idi. Çünki qlobal buğda bazarında baş verən tendensiyaların mənfi təsirləri Azərbaycandan yan keçə bilməzdi.

Qeyd edək ki, bu gün dünya iqtisadiyyatında cərəyan edən iqtisadi-siyasi proseslər buğdanın və digər ərzaqların qiymətinə mənfi təsir göstərir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qiymət indeksinə əsasən hazırkı ərzaq qiymətləri son 40 ilin maksimum həddindədir. Keçənilki ərzaq qiymətləri ilə müqayisədə 26 faizdən yuxarı artım olub. Bununla yanaşı, bəzi ölkələrin buğda ixracına tətbiq etdiyi kvota vəziyyəti daha da gərrginləşdirib. Belə ölkələrin sırasına bizim regionun əsas buğda ixracatçıları olan Rusiya və Qazaxıstan da daxildir. Əvvəlki illərlə müqayisədə hazırda Qazaxıstanın ixrac kvotası cəmi 550 min tondur. Rusiya isə ötən illə müqayisədə buğda ixracını 13 faiz azaldıb.

Xatırladaq ki, Azəbaycan xüsusilə ərzaqlıq buğdaya olan tələbatının əhəmiyyətli hissəsini idxal hesabına ödəyir. Ötən il xaricdən alınan buğdanın 95 faizi Rusiyanın payına düşüb. Bu ölkə isə buğdanın ixrac rüsümlarını xeyli artırıb. Belə ki, avqustun 5-nə kimi buğdanın ixrac rüsumu bir tonu üçün 100 ABŞ dolları idisə hazırda bu rəqəm 145 ABŞ dollarıdır və gələn ay 150 ABŞ dollarına çatacağı güman edilir.

Azərbaycanın iri un və çörək istehsalçılarının yaydığı birgə məlumatda isə bildirilir ki, cari ilin iyul ayında ölkəyə ərzaqlıq buğdanın orta idxal qiyməti 402,46 ABŞ dolları təşkil edib. Bu da 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 67 faiz (orta idxal qiyməti 241 ABŞ dolları), dekabr ayı ilə müqayisədə isə 18,4 faiz (orta idxal qiyməti 339,89 ABŞ dolları) yüksəkdir.

Yaranmış vəziyyətdə idxal qiymətləri (ərzaqlıq buğdanın son üç ay üçün orta aylıq idxal dəyərinin bir tonu üçün 365 ABŞ dolları səviyyəsində olması) və emal xərcləri nəzərə alınmaqla, qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat.

Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edəcək", - deyə məlumatda qeyd olunub.

Amma bununla yanaşı, diqqətçəkən suallar da var. Məsələn, niyə ərzaqlıq buğdanın qiyməti son 20 ilin rekord həddinə çatanda, Azərbaycanda unun və çörəyin qiyməti bahalaşmadı, amma bu strateji məhsullarda 1 il ərzində 2 dəfə qiymət artımı qeydə alındı? Təbii ki, bu da səbəbsiz deyil.

İqtisadçı-ekspert Eldəniz Əmirovun sözlərinə görə, bu ilin əvvəlindən birjalarda müşahidə olunan qiymət tendensiyasına baxsaq görərik ki, aprel ayında dünya birjalarında 1 ton ərzaqlıq buğdanın qiyməti təxminən 403 ABŞ dollarında idi: “Həmin vaxt nə unun, nə də çörəyin qiyməti qalxmadı. Amma avqust ayının 1-nə olan buğda qiymətləri 328 dollar təşkil edib. Göründüyü kimi son 3 ayda (may, iyun, iyul) aylarında ərzaqlıq buğdanın qiyməti 19 faiz azalıb. Onda sual yaranır niyə aprel-may aylarında buğda qiymətləri indiki qiymətin 122 faiz olduğu zaman qiymət artmadı, amma indi artım qaçılmaz olub? Bununla bağlı rəsmi münasibət (dəqiq izah) olmadığı üçün biz son 8 ayın vəziyyətini təhlil edərək, səbəb haqqında məntiqi nəticəyə gələ bilərik. Gəlin bu ilin yanvarına baxaq. Yanvar ayında baş verənlərə diqqət etsək görərik ki əsas səbəblər məhz bu ayda baş verənlərdən çox asılıdır. Belə ki, 2022-ci ilin yanvar ayında artıq çörəyin qiyməti qalxdı. Üstündən cəmi 2 ay keçdikdən sonra buğdanın qiyməti maksimuma (403 $) qalxıb deyə yenidən unun və ya çörəyin qiymətinin qaldırmaq ciddi yanlışlıq olardı. Buna görə də nə un 403 dollar olanda, nə də 380 olanda qiymət artımı söhbət mövzusu olmadı”.

Ekspert əlavə edib ki, həm də bu aylarda Azərbaycanda çörəyin qiymətinin qalxmamasına daha bir amil ciddi kömək etdi. Bu amil taxıl ehtiyatı amili idi. Azərbaycan bu ilin yanvarında heç vaxt etmədiyi qədər taxıl idxal edib: “Hətta 2021-ci ilin eyni dövrü ilə müqayisədə ölkəmizə 4 dəfə çox taxıl idxal olunub (2021-ci ilin yanvar-noyabr aylarında isə ölkəyə 1 milyon tondan çox buğda gətirilib). Görünür ölkə rəhbərliyi və aidiyyəti subyektlər müharibə ehtimalını artıq proqnoz edib və ərzaq təhlükəsizliyi üçün qabaqlayıcı tədbir kimi müharibədən əvvəlki ayda 300 faiz artıq idxal əməliyyatı həyata keçirilib. Düşünürəm ki, həm yanvardakı qiymət artımı, həm də 4 dəfə artıq tədarükün olması ötən 7 ay ərzində çörəyin qiymətinin qorunub saxlanılmasına imkan verib. İndi isə şərtlər dəyişir. Ehtiyatlar işləndikcə, yenidən idxalı artırmaq lazımdır. Hazırda dünyada taxıl bazarındakı vəziyyət isə ilin əvvəli ilə müqayisdə çox bahalaşıb. Bu isə yenidən unun qiymətinin sabit saxlanılması üçün əlavə vəsaitlərin xərclənməsini tələb edir”.

Xatırladaq ki, bu ilin yanvarından çörəyin qiyməti ölkəmizdə bahalaşmışdı. İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirmişdi. 50 kiloqramlıq ununun bir kisəsinin qiyməti 36 manat olmuşdu. Bundan öncə unun bir kisəsi 26 manata satılırdı. Unun qiymətində baş vermiş artım çörəyin qiymətinə də təsir etmişdi. 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi çörəyin pərakəndə satış qiyməti 65 qəpik olmuşdu. Bu gündən isə un 4 manat 70 qəpik, çörək isə 5 qəpik artımla satılır.

Yeri gəlmişkən, bu ildən digər Cənubi Qafqaz ölkələrində də un və çörəyin qiymətində bahalaşma müşahidə olunur. Məsələn, Gürcüstan hökuməti ötən ilin iyun ayının sonuna kimi birinci dərəcəli 50 kiloqramlıq buğda ununun kisəsinə 20 larilik (11 AZN) subsidiya tətbiq edirdi. Onun ləğvindən iki həftə sonra tələbatı yüksək olan yarım kiloqramlıq "sosial" adlanan çörəyin qiyməti təxminən 15 tetri (0,27 AZN) bahalaşaraq 1 lariyə (0,55 AZN) çatıb. Hazırda bu növdən olan çörək daha 10 faiz bahalaşaraq 65 qəpiyə təklif olunur.

Ermənistanda isə hələ ötən ilin sentyabr ayından çörəyin qiyməti 30-50 dram (0,11-0,18 AZN) bahalaşıb və yarım kiloqramlıq "məşhur" "Matnakaş" çörəyinin qiyməti 350 drama (1,25 AZN) çatıb. Ondan daha azçəkili olan çörək əvvəlki 110 dram əvəzinə 140-150 drama (0,55 AZN ) satılır.