“Ermənistanın Baş naziri Nikol Paşinyanın rusiyalı sülhməramlıların missiyasının uğursuz olması ilə bağlı səsləndirdiyi açıqlamaları ilə razı deyilik”. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. “Rusiya Cənubi Qafqaz regionunun ayrılmaz tərkib hissəsidir, buna görə də, o, heç hara gedə bilməz. Rusiya Ermənistandan gedə bilməz”, - deyə Peskov qeyd edib.
Həftənin İŞSİZİ
Ukrayna Ali Radası ölkənin müdafiə naziri Aleksey Reznikovun istefasını təsdiq edib. Bu barədə məlumatı ukraynalı deputat Yaroslav Jeleznyak öz teleqram kanalında açıqlayıb. Xatırladaq ki, Reznikov sentyabrın 4-ü istefa ərizəsini Ali Radaya təqdim etmişdi.
Həftənin ULDUZU
Brüsseldə keçirilən qadın voleybolçulardan ibarət Avropa çempionatı Türkiyənin tarix yazması ilə yadda qaldı. Bu qələbədə əsas pay sahibi isə bu gün dünyanın diqqət mərkəzinə düşən Melissa Varqasındır. Həlledici görüşdə də 3 möhtəşəm zərbə ilə komandasına xallar qazandıran kuba əsilli voleybolçu 23 yaşında adından söz etdirə bilir.
Həftənin ŞİRİ
Ermənilərin uzun illər qəfəsdə baxımsız vəziyyətdə saxladığı “Ruben” adlı şir Cənubi Afrikaya göndərilib. Bu barədə məlumatı “Daily Mail” yayıb. Məlumata görə, proses Böyük Britaniyada yerləşən “Animal Defenders International” təşkilatının köməkliyi ilə baş tutub. Şir Cənubi Afrikada şir və pələnglər üçün nəzərdə tutulan xüsusi qoruqda yaşayacaq.
Həftənin GENERALI
General-mayor Kiril Kulakovun Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlıların yeni komandanı təyin edildiyi rəsmən açıqlanıb. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. O, bu postda general-polkovnik Aleksandr Lentsovu əvəz edib. Qeyd edək ki, 54 yaşlı Kulakov 2017-ci ilin martından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin komandiri olub. A.Lentsov isə cari ilin aprel ayında bu vəzifəyə təyin olunmuşdu. Ondan əvvəl isə sülhməramlıların komandanı Andrey Volkov idi.
Həftənin HÖRMƏTSİZİ
Tanınmış repçi Snoop Dogg öz paylaşımında Azərbaycan ərazisini Ermənistan ərazisi kimi təqdim edib. O, bununla bağlı instaqram hesabında paylaşım edib. Belə ki, o, Azərbaycanın Qarabağ bölgəsini “Artsax” adlandırıb: “Əziz erməni xalqı, mən sizi düşünürəm və Ermənistanda, “Artsax”da və bütün dünyada yaşayan ermənilərə öz sevgimi göndərirəm. Hər kəsə sevgi, sülh və möhkəm olmağı arzulayıram. Sentyabrın 23-də gələcəyəm”.