Həftənin DAVASI - Həftə-reytinq

09:57 26.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xalq artisti Ağadadaş Ağayevin iştirak etdiyi dava ilə bağlı cinayət işi açılıb. Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib ki, paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır. Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Münaqişə tərəfləri — N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

 

Həftənin HƏDİYYƏSİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Hərəkatının 50-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Şimali Kipr Türk Respublikasına səfər edib. Səfəri zamanı Ərdoğana müxtəlif hədiyyələr təqdim edilib. Prezidentə verilən hədiyyələr arasında ən təsirlisi isə anası Tənzilə Ərdoğanla portretini əks etdirən filoqrafiya tablosu olub. Bu özəl tablonun hazırlamasında 380 mismar və 7387 metr ipdən istifadə edilib.

 

Həftənin İSTEFASI

ABŞ Məxfi Xidmətinin rəhbəri Kimberli Çitl istefa verib. Qeyd olunub ki, ABŞ-nin sabiq Prezidenti Donald Trampın seçki mitinqində güllələnməsindən sonra tənqidlərə məruz qalan Kim Çitl istefa verib. “Təhlükəsizliyin pozulmasına görə bütün məsuliyyəti öz üzərimə götürürəm. Hadisələrdən sonra çətin variantı seçdim və istefa verməyə qərar verdim” , - Çitl bildirib.

 

Həftənin FUTBOLÇUSU

“Barselona”nın keçmiş hücumçusu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi “21-ci əsrin ən yaxşı futbolçusu” seçilib. Bu haqda siyahını məşhur idman nəşri ESPN müəyyənləşdirib. Siyahıda ikinci yeri Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo tutub.

 

Həftənin KÖRPÜSÜ

Türkiyə ilə Yunanıstan arasında yeni körpü salınacaq. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib. O bildirib ki, uzunluğu 841 metr nəzərdə tutulan körpünün layihəsi tamamlanıb və qısa vaxta tenderə çıxarılması gözlənilir: "Bununla bağlı 2004-cü ildə Afinada razılıq sənədi imzalanıb. Layihə ancaq Türkiyə və Yunanıstan üçün deyil, bütün bölgə üçün böyük əhəmiyyət kəsb edir".

 

Həftənin QORXUSU

SSRİ Xalq artisti Alla Puqaçova ailəsi ilə yay tətilini Latviyanın Yurmala şəhərində keçirir. Sənətçi küçəyə mühafizəçisiz çıxmağa qorxur. O, KİV və bloqerlərin hədsiz diqqətindən çəkinir. Bildirilir ki, mühafizəçi müğənni və uşaqlarını hər yerdə müşayiət edir. Xatırladaq ki, 2022-ci ildə A.Puqaçova ailəsi ilə birlikdə İsrailə, daha sonra Kiprə köçüb. Buna səbəb Rusiya-Ukrayna müharibəsi olub.