Həftənin ƏN YAXŞILARI - Həftə-reytinq

10:24 01.06.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

2022/2023 futbol mövsümünün ən yaxşılarını mükafatlandırılıb. Mövsümün ən yaxşı futbolçusu “Neftçi”nin kapitanı Emin Mahmudov seçilib. “Qarabağ”a növbəti dəfə Premyer Liqa çempionluğunu qazandıran Qurban Qurbanov ən yaxşı baş məşqçi nominasiyasının qalibi olub. Sorğuda iştirak edənlər yalnız bu nominasiyada yekdilliklə eyni namizədə səs veriblər.

 

Həftənin BOŞANMASI

Türkiyənin tanınmış aktyoru Mehmet Aslantuğla aktrisa Arzum Onan boşanıb. Razılaşma yolu ilə boşanan cütlük əl-ələ tutaraq Beykoz Ədliyyəsinə gəlib. 27 ildir evli olan və adətən haqlarında nümunəvi cütlük kimi bəhs olunan ikili jurnalistlərin suallarını cavablandırmaqdan yayınıblar. Qeyd edək ki, cütlüyün Can adlı bir oğlu var.

 

Həftənin ÇEMPİONU

Türkiyə Super Liqasında 2022/2023 mövsümünün çempionu müəyyənləşib. “Qalatasaray” bu uğuru 36-cı turda rəsmiləşdirib. “Sarı-qırmızılar” səfərdə “Ankaragücü”nü 4:1 hesabı ilə məğlub etməklə çempionluğunu vaxtından əvvəl təmin edib. “Ankaragücü” 1:4 “Qalatasaray”.  Qollar: Milson, 16 - İkardi, 7, 38, Barış Yılmaz 73, Oliviera, 78. Qeyd edək ki, bu, İstanbul təmsilçisinin 23-cü çempionluğudur.

 

Həftənin OĞULU

Yaponiyanın Baş naziri Fumio Kisida oğlu Setaro Kisidanı öz katibi vəzifəsindən istefaya göndərib. Buna səbəb Setaro Kisidanın atasının iqamətgahında keçirdiyi şənlikdən fotoların mediada yayımlanması olub. Ötən həftə Setaro və qohumlarının iqamətgahın simvolik vacib yerlərində çəkilən fotoları yayılıb. Sözügedən yerlərdə adətən Nazirlər Kabineti üzvlərinin rəsmi foto çəkilişi həyata keçirilir. Kisida oğlunun davranışının siyasi katibə uyğun olmadığını bildirərək onu vəzifəsindən azad edib.

 

Həftənin SANKSİYASI

Ukrayna parlamenti İrana qarşı 50 il müddətinə iqtisadi və digər sanksiyaların tətbiqi haqqında qətnaməni təsdiqləyib. Məhdudlaşdırıcı tədbirlərə İranla kommersiya əməliyyatlarına tam qadağa qoyulması aid edilib. Qətnamə layihəsində İran vətəndaşlarına texnologiya və əqli mülkiyyət hüquqlarının verilməsi məhdudlaşdırılır. Qeyd edək ki, Ukrayna İranı Rusiyanın Ukraynaya qarşı müharibəsində Moskvaya qəsdən silah verməsində ittiham edir.

 

Həftənin TƏNQİDİ

Tviterin sahibi İlon Maskın Texasdakı qonşusu Çap Ambroz milyarderin Amerika ştatının kəndlərində tikinti layihələrinə qarşı çıxıb. Proqramçı olan Ambroz nəşrə bildirib ki, o, Maskın şirkətlərinə evlərinin yaxınlığındakı tikinti layihələrini ləğv etmək üçün təzyiq göstərən təşəbbüs qrupu təşkil edib: “Mən sadəcə rəhbərliyin ətraf mühitə və bu paylaşılan resurslara dəyər verdiyinə inanmıram”.