Qadın güləşi üzrə Azərbaycan yığmasının üzvü Mariya Stadnik Paris Yay Olimpiya Oyunlarında mübarizə aparıb. O, ilk görüşünü almaniyalı Anastasiya Blavyasa qarşı keçirib. Stadnik bu görüşdə 6:2 hesablı qələbə əldə edib. Mariya Stadnik 1/4 finalda Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla görüşüb. O, rəqibinə 3:4 hesabı ilə uduzub.
Həftənin NAMİZƏDİ
ABŞ-nin vitse-prezidenti Kamala Harris rəsmi olaraq Demokratlar Partiyasından prezidentliyə namizəd olduğunu açıqlayıb. O, bunu Filadelfiyada tərəfdarları qarşısında çıxış edərkən elan edib. “Mən bu gün qürurla elan etmək üçün sizin qarşınızda dururam. Artıq rəsmi olaraq Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədəm”, - Harris bildirib.
Həftənin ŞİKAYƏTİ
Ukraynalı milyarder Dmitri Firtaş 2024-cü ildə iş adamına tətbiq edilən şəxsi sanksiyalara görə ölkə Prezidenti Volodimir Zelenskiyə qarşı iddia qaldırıb. Respublika Ali Məhkəməsi milyarderin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyaların tətbiqi barədə qərarını qüvvəyə mindirən prezidentin 24 iyun 2024-cü il tarixli fərmanına etiraz etdiyi iddiasını baxılmaq üçün qəbul edib.
Həftənin QARŞILANMASI
Ankarada Rusiya ilə Qərb ölkələri arasında genişmiqyaslı məhbus mübadiləsi çərçivəsində 8 nəfər Rusiyaya təhvil verilib. Moskvanın Vnukovo hava limanında Rusiya Prezidenti Vladimir Putin onları şəxsən qarşılayıb və söhbət edib. Mübadilə prosesi çərçivəsində Rusiyaya qaytarılanlar arasında Qərbdə Rusiya xeyrinə casusluqda ittiham olunan Anna və Artyom Dultsevlər də var. Putinin cütlüyün uşaqları ilə ispanca danışması müzakirələrə səbəb olub.
Həftənin İSTƏYİ
SSRİ Xalq artisti Alla Puqaçova bu ilin sonunadək Rusiyada böyük konsert proqramı ilə çıxış etmək istəyir. Sənətkar avqustun sonlarında uşaqları ilə birlikdə ölkəyə gələcək və bununla bağlı danışıqlar aparacaq. Həmçinin şoumen həyat yoldaşı Maksim Qalkinin “xarici agent” statusu ilə bağlı məsələni həll etməyə çalışacaq.