Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, 2000-ci ildən 2024-cü ilin fevralınadək Azərbaycanda ədliyyə naziri vəzifəsində Fikrət Məmmədov çalışıb. F.Məmmədov yeni formalaşdırılan hökumətdə yer almayıb.
Həftənin YUBİLYARI
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 70 yaşı tamam olub. Prezident İlham Əliyevin türkiyəli həmkarına ünvanladığı təbrik məktubunda deyilir: “Bu gün Sizin müdrik rəhbərliyiniz altında Türkiyə Respublikası inkişafının ikinci yüzilliyinə qədəm qoyur. Bu yolda qardaş ölkəyə qarşısına qoyduğu bütün hədəflərə və məqsədlərə çatmağı, yeni müvəffəqiyyətlərə və zəfərlərə imza atmağı arzulayırıq”.
Həftənin BAŞ NAZİRİ
Pakistan tarixində ilk dəfə qadın əyalət baş naziri seçilib. Bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Məryəm Nəvaz Pəncab əyalət məclisindəki seçkilərdə 220 səs toplayaraq əyalətin baş naziri seçilib. Qeyd edək ki, M. Nəvaz Pəncabın keçmiş baş naziri olan Nəvaz Şərifin qızıdır.
Həftənin "TƏLƏB"İ
“Rusiya sərhədçiləri İrəvanın Zvartnots hava limanında xidmətini dayandırmalıdır”. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. Simonyan bunun öz şəxsi fikri olduğunu sözlərinə əlavə edib: “Ölkəmizin sərhədlərini qoruyacağıq, amma əmin deyiləm ki, onlar qoruyacaqlar”.
Həftənin QADINI
Amerikanın “Time” jurnalı “İlin qadını”nı seçib. Bu barədə nəşrin saytında məlumat yayılıb. Bildirilib ki, bu mükafata “Barbie” filminin rejissoru Qreta Gerviq layiq görülüb. Qeyd edək ki, bu filmdən Gerviq 1,4 milyard dollardan çox gəlir əldə edib. Siyahıda idmançılar, aktrisalar və digər sənət adamları yer alıb.
Həftənin ZƏNGİNLƏRİ
Türkiyənin ən zəngin beş sənət adamı bəlli olub. Bu barədə “Celebsrevealed.com” saytında məlumat yayılıb. Bildirilir ki, sözügedən məşhurlar sərvətləri ilə ilk beşlikdə yer alıblar. Həmin siyahını təqdim edirik: aktyor Kıvanç Tatlıtuğ - 466 milyon Türkiyə lirəsi; aktrisa Meryem Üzerli - 311 milyon Türkiyə lirəsi; aktyor Can Yaman - 311 milyon Türkiyə lirəsi; aktrisa Hande Erçel - 249 milyon Türkiyə lirəsi; aktrisa Serenay Sarıkaya - 186 milyon Türkiyə lirəsi.