“Həm Netanyahu, həm də Həmas sona yaxınlaşır”

10:17 27.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da yayımlanan “Washington Post” qəzeti Qəzzada davam edən müharibə kontekstində İsrailin baş naziri Binyamin Netanyahu və Həmas-ın gələcəyini müzakirə edib.

Hafta.az-ın yazdığına görə, məqalədə Həmas-ın əvvəldən İsrailə düşmən kəsildiyini, Netanyahunun isə 2009-cu ildə Həmas-ı məhv edəcəyinə söz verərək seçkilərdə qalib gəldiyi, ardıcıl Netanyahu hökumətləri ilə Həmas liderlərinin bir-birindən faydalandığı xatırladılır və bu müstəvidə həm Həmas-ın, həm də Netanyahunun hakimiyyət dövrlərinin sona çata biləcəyi qeyd olunub.

Məqalədə bildirilir ki, İsraildə Netanyahunun istefasını istəyənlərin nisbəti artaraq 75 faizə çatıb.

Netanyahu ilə Həmas-ın münasibətlərini araşdıran israilli tarixçi Adam Raz, "Həmas bir daha Qəzzada heç vaxt hakimiyyətə gələ bilməyəcək və məncə Netanyahu da siyasi həyatının sonuna yaxınlaşır" deyib.

Bildirilir ki, Netanyahu və Həmas bir-birindən öz məqsədləri üçün istifadə edir və bir-birindən qidalanan münasibətlərə malikdirlər.

Qəzetə danışan politoloqlar bildiriblər ki, Netanyahu Qəzzada Həmas-ın idarəçiliyinə son qoyacağını vəd edərək seçkidə qalib gəlib, lakin seçkidən sonra bunun əks strategiyasını izləyib, fələstinli qrupların Qəzza və İordan çayının qərb sahili administrasiyalarına bölünmüş qalmasını təmin edib.

İsrailli politoloq Dahlia Şeyndlin, "Birləşmiş rəhbərliyin olmaması Bibiyə (Netanyahu) sülh danışıqlarını davam etdirməmək imkanı verib” deyib.

Adam Raz isə, "Son 10 ildə Netanyahu Qəzzada Həmas-a zərər verəcək hər cəhdin qarşısını almağa çalışıb" deyə bildirib.

Xəbərdə Netanyahu hökumətlərinin bu illər ərzində Həmas-a təzyiqləri azaltdığı və İsrailin bu üsulla Həmas-la Fələstin rəhbərliyi arasında mümkün uzlaşmanın qarşısını almaq istədiyi qeyd edilib.

ABŞ-ın digər aparıcı qəzeti olan “New York Times” da 4 günlük atəşkəsdən sonra müharibənin davam edib-etməyəcəyini araşdırıb. Qəzetə danışan politoloqlar atəşkəsin İsrail üçün dilemma yaratdığını bildiriblər.

Atəşkəsin Həmas-ın buraxdığı hər 10 girov üçün bir gün uzadılacağını xatırladan qəzet bunun İsrail cəmiyyətində böyük rahatlıq yaradacağını, bir çox insanın girovların azad edilməsini prioritet olaraq gördüyünü qeyd edib.

Nyu-Yorkda yerləşən İsrail Siyasət Forumu siyasi araşdırma qrupundan Şira Efron, "Həmas bu vəziyyəti çox yaxşı bilir. Onlar İsraillə oynayıb deyəcəklər ki, "Daha 5 uşaq tapdıq. Bizə bir gün daha vaxt versəniz, azad edərik. Nəticədə atəşkəsin uzadıldığını görəcəyik" deyib.

Qəzet yazıb ki, atəşkəsin uzadılması həm Həmas-ın toparlanması üçün fürsət yaradacaq, həm də beynəlxalq güclərə İsrailə təzyiqi artırmaq şansı verəcək.

Oxunma sayı 200