Həmas-ın öldürülən siyasi siması: İsmayıl Haniyə

09:52 31.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Həmas Hərəkatı Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda qaldığı otağında İsrail qüvvələrinin sui-qəsdi nəticəsində öldürüldü. Deyilənə görə, o, İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə məraisində iştirak etmək üçün Tehrana gəlibmiş. İsrail qüvvələri isə onu, qaldığı otağa dəqiq idarəolunan raketlə zərb endirməklə qətlə yetiriblər.

Raket Tehrandakı mənzillərdən birinə hardan atəşlənib, kimlər tərəfindən idarə edilib. Hücumun qarşısı niyə alınmayıb və ya niyə Haniyə maksimum mühafizə edilməyib, bunlar başqa mövzudur və cavabını hadisənin yaşandığı ölkə olaraq İran verməlidir. Amma tam əminliklə demək olar ki, əsas cavab heç vaxt verilməyəcək...

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) “Hadisənin təfərrüatları araşdırılır və nəticələr ən qısa zamanda açıqlanacaq” deyib. Hər halda, “hücumun bədəli ağır olacaq” kimi pafoslu bəyanat verilməyib...

Bu yerdə qeyd edək ki, Qəzza zolağında müharibənin davam etdiyi və üç oğlunun, eləcə də üçü qız, biri oğlan olmaqla dörd nəvəsinin İsrailin hava hücumu nəticəsində öldüyü bir vaxtda İsmayıl Haniyə beynəlxalq diplomatiyada Fələstin hərəkatının sərt siması sayılırdı. Lakin onun sərt ritorikasına baxmayaraq, bir çox diplomat Haniyəni Qəzzada İranın dəstəklədiyi Həmas Hərəkatının daha sərt üzvləri ilə müqayisədə mötədil hesab edirdi.

Haniyə 2017-ci ildə Həmas Siyasi Bürosunun sədri seçildikdən sonra mühasirədə olan Qəzza zolağına tətbiq edilən səyahət məhdudiyyətlərindən qaçmaq üçün Türkiyə ilə Qətərin paytaxtı Doha arasında gediş-gəliş etdi. Beləliklə, o, atəşkəs danışıqlarında iştirak edə və Həmas-ın müttəfiqi İranla danışıqlar apara bildi.

Oktyabrın 7-də Həmas Hərəkatının İsrailə hücumundan qısa müddət sonra Qətərdə yerləşən “Əl-Cəzirə” televiziyasına danışan Haniyə deyib: “Biz ərəb qardaşlarımız da daxil olmaqla bütün ölkələrə bunu deyirik: Sionist varlıq bu döyüşçülərin qarşısında özünü qoruya bilməz".

Amma Haniyə yanılırdı: İsrail geridə qalan müddətdə hücuma yetərincə sərt cavab verib – əksəriyyəti qadın və uşaq olan 40 min civarında fələstinlini qətlə yetirib.

Haniyə Həmas-ın döyüş qabiliyyətinin yaxşılaşdırılmasında, o cümlədən hərəkatı dəstəklədiyini gizlətməyən İranla əlaqələrinin gücləndirilməsində mühüm rol oynayıb. İsrail Haniyənin komandasını Qəzzada 10 illik Həmas hakimiyyəti dövründə Həmas-ın hərbi qanadına humanitar yardımın ötürülməsinə kömək etməkdə ittihamlayıb.

Haniyə 2017-ci ildə Qəzzanı tərk edəndə onu ömrünün iyirmi ildən çoxunu İsrail həbsxanalarında keçirmiş və 2011-ci ildə məhbus mübadiləsindən sonra Haniyənin Qəzzəyə qaytardığı Yəhya Sinvar əvəz eddib.

Qətər Universitetinin Fələstin məsələləri üzrə eksperti Edib Ziad, "Həniyə ərəb ölkələrinin hökumətləri ilə Həmas-ın siyasi mübarizəsinə rəhbərlik edirdi. Onun Həmas-ın daha sərt mövqeli fiqurları və hərbi qanadı ilə sıx əlaqələri var. O, Həmas-ın siyasi və diplomatik simasıdır” deyib.

Haniyə və Xalid Məşal atəşkəs danışıqlarında vasitəçilik edən Misirdə də rəsmilərlə görüşüb. İranın rəsmi xəbər agentlikləri Haniyənin noyabrın əvvəlində İranın ali dini lideri Əli Xamenei ilə görüşmək üçün Tehrana getdiyini bildirib.

Reuters-ə danışan üç yüksək vəzifəli məmur bildirib ki, Xamenei görüş zamanı Haniyəyə İsrailə hücumdan əvvəldən xəbəri olmayan İranın müharibəyə girməyəcəyini deyib. Reuters xəbəri dərc etməzdən əvvəl Həmas Hərəkatı şərh tələblərinə cavab verməyib, lakin xəbər dərc edildikdən sonra bunu yalanlayıb.

Haniyə hələ Qəzzada İslam Universitetində tələbə olarkən də fəal olub. O, 1987-ci ildə Fələstində keçirilən Birinci İntifada zamanı Həmas Hərəkatına qoşulub. Qısa müddət sonra həbs edilən Haniyə deportasiya edilib. O, öz ailəsi kimi Aşkelon yaxınlığındakı əl-Cura kəndindən qaçqın olan Həmas-ın qurucusu Şeyx Əhməd Yasinin ən yaxın adamlarından birinə çevrilib. Haniyə 1994-cü ildə Reuters agentliyinə deyib ki, Şeyx Yasin fələstinli gənclər üçün nümunə olub və onlar İslamı sevməyi, onun üçün fədakarlıq etməyi, tiranlara və despotlara boyun əyməməyi ondan öyrəniblər.

2003-cü ilə qədər Haniyə Şeyx Əhməd Yasinin ən etibarlı köməkçilərindən birinə çevrilmişdi. İsrail 2004-cü ildə Şeyx Əhməd Yasini qətlə yetirib.

Həmas-ın siyasətə girməsini müdafiə edən aparıcı simalardan biri olan Haniyə 1994-cü ildə siyasi partiyanın yaradılmasının təşkilata yeni hadisələrin öhdəsindən gəlməyə imkan verəcəyini bildirib. Həmas-ın aparıcı simaları əvvəlcə hərəkatın siyasətə girməsinə qarşı olsalar da, sonradan bunu qəbul etdilər. 2006-cı ildə Həmas Fələstin parlamentinə seçkilərdə qalib gəldikdən sonra Haniyə baş nazir oldu.

2012-ci ildə Reuters müxbirlərinin Həmas Hərəkatının silahlı mübarizəni tərk edib-etmədiyini soruşduqda, Haniyə "müqavimət populist, siyasi, diplomatik və hərbi də daxil olmaqla bütün formalarda davam edəcək" cavabını verib...