İsrailli hərbi analitik Amir Bohbot bildirib ki, Həmas-ın bazar günü israilli məhbusların Beynəlxalq Qırmızı Xaça təhvil verilməsi ilə bağlı yaydığı görüntülər İsraili biabır edib və ordunun Qəzzanın şimalına nəzarət iddialarını şübhə altına alıb.
Hafta.az-ın yazdığına görə, Bohbot bu haqda İsrailin ivrit dilli “Walla” saytında yayımladığı məqalədə deyib.
İsrail ordusunun Qəzza zolağının şimalına intensiv hava hücumları ilə əvvəlcə dağıdıcı taktika tətbiqlədiyini, daha sonra isə əraziyə nəzarəti elan etdiyini xatırladan Bohbot, Həmas-ın yaydığı əsir mübadiləsi görüntülərinin “Qəzzanın əsl sahibi kimdir?” sualını doğurduğunu bildirib. Həmas-ın buraxdığı əsirlərin görüntülərini təhlil edən Bohbot qeyd edib: “Gözəl hazırlanmış videoda Həmas fəallarının qaçırılan girovları Qırmızı Xaç avtomobillərinə daşıması və onlarla vidalaşdığı göstərilir. Bundan başqa, sosial mediada yayılan əlavə məlumatlar İsrail ordusunun göründüyü kimi Qəzzanı effektiv şəkildə nəzarətə götürdüyünə dair şübhələri artırır. Qəzzanın mərkəzində çəkilmiş kadrlar göstərir ki, İsrail ordusunun Qəzza zolağının şimal hissəsinə nəzarəti ələ keçirdiyini iddia etməsinə və qüvvələrimizin bütün əraziyə yerləşdirilməsinə baxmayaraq, onlarla Həmas silahlı elementi girovları Qırmızı Xaça təhvil verərkən heç bir maneəyə imkan verməyərək, ərazidə sərbəst hərəkət edir”.
Dünən Həmas İsrail ordusunun nəzarətində olduğunu elan etdiyi Qəzzanın mərkəzində israilli əsirləri Beynəlxalq Qırmızı Xaç rəsmilərinə təhvil verib. Sayca üçüncü məhbus mübadiləsində 13 israilli əsir qarşılığında 39 fələstinli əsir İsrail həbsxanalarından azad edilib.
İsrailin məlumatına görə, İsrail zabitləri, əsgərləri, polisləri və kəşfiyyatçıları da daxil olmaqla 190 nəfər hələ də Həmas-ın əlindədir.