Həmin cinayətkarların həbs edilməməsinin səbəbi hüquqi yox, siyasidir – Millət vəkili

11:44 03.02.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

2020-ci il 10 noyabr üçtərəfli bəyanatından 1 il 3 ay ötməsinə baxmayaraq, erməni silahlılarının rəhbərləri hələ də Qarabağı - Azərbaycanın ərazilərini  "Artsax" adlandırıb, onun “statusu” məsələsini qabartmaqdan, sərsəm iddialarla bəyanatlar verməkdən çəkinmirlər. İş o yerə çatıb ki, dinc sakinləri qətlə yetirmək və dəhşətli müharibə cinayətlərində ittiham etdiyimiz, yaxalanması üçün İnterpol vasitəsi ilə beynəlxalq axtarışa verdiyimiz Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyan və onun əlaltıları çox rahatlıqla nəzarətimizdə olmayan ərazilərimizdə kənd-kənd dolaşır. Müxtəlif “açılışlar” edir, istədiyi ölkəyə gedib gəlir.

Bəllidir ki, hazırda Azərbaycanın Xankəndi və digər bölgələri - Xocalı, Ağdərə, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarət zonası hesab olunur.

Sual yaranır: Azərbaycan hökumətinin İnterpol xətti ilə axtarışa verdiyi erməni separatçılarının rəhbərləri niyə həbs edilmir? Bu məsələdə qarşıdakı hüquqi, siyasi maneələr nədir?

Kifayət qədər fakt var ki, interpol xətti ilə axtarışda olan bir çox Azərbaycan vətəndaşları məhz Rusiyada həbs olunaraq Azərbaycana təhvil verilirlər. Lakin nədənsə bu qayda Qarabağdakı terrorçulara şamil olunmur.

Görünən odur ki, bu istiqamətdə açıq qalan sualar və həllini gözləyən problemlər kifayət qədərdir.

Hikmət Babaoğlu, Milli Məclisin deputatı:

- Belə bir problemin olması hamımızı dərindən narahat edir. Söhbət nəticə etibarilə Azərbaycanın suveren  hüquqlarının onun bütün ərazisində tam tətbiq edilə bilinməməsindən gedir. Bu hal keçicidir. Qarşıdakı mərhələ, artıq erməni icmasının yaşadığı, ancaq müvəqqəti Rusiya sülhməramlılarının səlahiyyət zonasında olan o ərazilərimizdə də Azərbaycan qanunlarının tətbiq edilməsi mərhələsi olacaq. Bu o demək deyil ki , sülhməramlılar, yaxud bəzi başqa ölkələr Azərbaycan qanunlarını pozaraq cinayət törətmiş terrorçuları himayə etməlidirlər. Bu, əsla yolverilməzdir. Məsələ ondadır ki, siyasətdə ikili standartlar olduğu kimi, beynəlxalq hüququn tətbiqində də ikili standartlar var. Eyni zamanda dövlətlərarası münasibətlərdə qarşılıqlı hüquqi yardım haqqında öhdəliklər də bəzən pozulur, yaxud gözardı edilir. Ona görə də axtarışa verdiyimiz cinayətkarları  hələlik mühakimə edə bilmirik.

Əslində həmin cinayətkarların həbs edilib Azərbaycana təhvil verilməməsinin səbəbi hüquqi yox, siyasidir. Hüquqi baxımdan ermənilərin törətdiyi bütün növ cinayətlər tam əsaslandırılaraq axtarışa təqdim edilib.

Belə davam edərsə, Azərbaycan özü antiterror əməliyyatları həyata keçirmək məcburiyyətində qala bilər. Cinayətkarlar, onları himayə edənlər də bilirlər ki, Azərbaycanın bu gücü və qətiyyəti var. Görünür, bu cür addımların atılması üçün münasib zamana ehtiyac var.