Hər zaman aktual qalacaq film – “Oleq”

14:42 22.06.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bildiyimiz kimi, iyun ayının 14-də Bakıda açılışı olan və ayın 29-da başa çatacaq Avropa Film Festivalı davam edir. Mövcud pandemiya yasaqlarından dolayısı tamaşaçıların onlayn seyr edə bildiyi filmlərin siyahısına 14 ölkənin (Rumıniya, Finlandiya, Almaniya, Macarıstan, Fransa, İspaniya, Lüksemburq, Yunanıstan, Serbiya, Latviya, Litva, Belçika, Çexiya və Polşa) istehsal etdiyi 10 ekran əsəri daxildir.

Filmlərə söz yox, hər iri fərqli sahəni əhatə edir, fərqli sujet xətti ilə tamaşaçıları özünə çəkir. Amma şəxsən mənim üçün filmlər arasında ən maraqlısı “Oleq”dir. Açıq deyirəm: daha çox tarixi və macəra axarlı filmləri sevirəm. Amma “Oleq” filmi sırf sosial-dram janrında olmasına baxmayaraq, diqqətimi çəkə bilib. Səbəb nədir? Səbəbi bəlkə də filmdə cərayan edən hadisələrin şəxsən özümü də əhatə edən cəmiyyətimizin və eləcə də, digər cəmiyyətlərin real həyatında əks olunmasıdır. Bəli, “Oleq” filmi bu günün mənzərəsini göstərir və hər zaman da aktual olaraq qalacaq.  

Latviya, Belçika və Fransa kinematoqrafçılarının 2019-cu ildə birlikdə ərsəyə gətirdiyi dram əsərinin qəhrəmanı latviyalı gənc – Oleqdir. O, öz ölkəsində qəssab işləyir, az-çox pul qazanır və bu, birlikdə yaşadığı nənəsi ilə onu qane edir. Amma sovet-kommunist rejimindən yaxın keçmişdə azad olmuş Latviyada həyat səviyyəsi hələlik, Qərbi Avropa ölkələrindəkindən geridir. Odur ki, bu gənc də daha yaxşı yaşamaq, daha çox qazanmaq və daha böyük arzularını gerçəkləşdirmək üçün günlərin birində ölkəsindən ayrılıb uzaq Qərbə - Belçikaya yollanır...

Latviyalı senarist və rejissor Juris Kursietisin, Liga Celma-Kursieteetonya ilə birlikdə yazdığı ssenari əsasında çəkdiyi “Oleq” filmi, deyərdim ki, Şərqi Avropa İlə Qərbi Avropa arasında onillər boyunca mövcud olmuş və günümüzdə də var olan sosial təzadları, insanların düşüncə tərzindəki, yaşam şərt və meyarlarındakı fərqi özündə ehtiva edir. Film baş rolun ifaçısı olan Oleqin simasında dünyaya bəyan edir ki, hər kəs üçün ən yaxşı həyat elə öz ölkəsində, əzizlərinin yanındadır. Oleq isbatlamağa çalışır ki, miqrant, yaxşı yaşamaq üçün başqa cəmiyyətlərin qapısını çalan hər bir kəs istənilən sürprizə hazır olmalıdır. Dinindən, millətindən, sosial statusundan asılı olmayaraq, hər bir miqrant başqa cəmiyyətdə yaddır və yad olaraq qalacaq. Necə ki, Oleq film boyu yaşadığı ziddiyyətlərlə bunu sübut edir.

Filmin qısa sujet xətti belədir: yuxarıda da qeyd etdiyim kimi, Latviyada qəssab işləyən gənc Oleq böyük arzularını reallaşdırmaq üçün Belçikaya gedir. Orada ət fabrikində işə düzəlir. Amma iş yoldaşları onunla səmimi deyillər, yeri gələndə radikal münasibətlərinin də şahidi olur. Bir gün işdə həmkarlarından biri onunla hirsli davranır. Özünü o qədər qəzəbli aparır, Oleqə o qədər nifrət bəsləyir ki, ət doğradığı zaman özünü itirir, mişar barmağını kəsir. İlk köməyinə çatan Oleq olur, qışqırıb digər yoldaşlarını yardıma çağırır. Amma nə baş verir, yaralanan işçi qəzanın günahını Oleqin üstünə atır. Deyir ki, guya Oleq onu itələyib, mişar barmağını kəsib...

Yad cəmiyyətdə tək olmaq burada öz sözünü deyir: hər kəs onunla düşmən düşür. Hətta necə deyərlər, öz yerlərini yaxşı salmaq üçün Belçikaya bərabər gəldikləri latviyalı miqrant dostları belə ona xəyanət edir. Baxmayaraq ki, Oleq çox and içir, yaralanan yoldaşından həqiqəti deməsini xahiş edir, amma işdə hər kəs sanki hazır ssenari əsasında qərarını verir – Oleq işdən qovulur. İşdən qovulduğu üçün daha yaşamağa yeri də yoxdur, işləmirsə cibində pulu da yoxdur və qışın soyuğunda evsiz, ac vəziyyətdə küçələrdə dolaşır. Bədbəxtlikdən, miqrantdır və bəzi real qanuni səbəblərdən ona heç kim iş vermir...

Günlərin birində hər şeydən bezmiş Oleq, Belçikada özünə kiçik cinayətkar dəstə yaradan, əslən polyak olan Andrzejlə tanış olur və bununla da onsuz da ağır olan yaşamında daha acınacaqlı hadisələr özünü göstərməyə başlayır.

Film davam etdiyi 108 dəqiqə ərzində kəsintisiz olaraq həyatın acı reallığını tamaşaçıya başa salmağa çalışır. Film sosial dram olmasına baxmayaraq, 108 dəqiqə boyunca tamaşaçını ekran qarşısında saxlaya bilir. Çünki hər bir kəsin tanıdığı, ən azından haqqında eşitdiyi oxşar talelərdən bəhs edir. İstər sovet dönəmində, istərsə də son onillərdə, məsələn, Azərbaycandan nə qədər gənc yaxşı qazanmaq eşqiylə Rusiyaya yollanıb, orada bir çoxu ağır məşəqqət yaşayıb, hətta sənədlərini hansısa formada itirərək bu ölkənin hər mənada soyuq olan mühitində tələf olanlar da az deyil. Oleq məhz bu cür talesiz soydaşlarımızın başına gələnləri bizə canlı göstərir deyə, açıq deyirəm, film elə biz azərbaycanlıların həyat dramıdır.

Yuxarıda da qeyd etdiyim kimi, rejissor filmdə Avropa İttifaqında birlikdə yaşamalarına baxmayaraq, Qərbi və Şərqi Avropa kimi düşüncənin hər sahədə, bütün çılpaqlığı ilə özünü göstərdiyini tamaşaçıya çatdırmağa çalışır. Hansı ki, bu düşüncə tərzi sovet dönəmində də eyni idi, sovetdən sonrakı illərdə də, günümüzdə də. Bu yanaşmanı isbatlamaq üçün filmdə bir personaja – Zitaya yer verilir. Zita da Oleq kimi milliyyətcə latviyalıdır, amma o, Belçikada özünə yer tutmuş adlı-sanlı qadındır və ən əsası, yüksək elitanı təmsil edir. Məhz bu səbəbdən də, kimsəsiz və məzlum vəziyyətdə olan soydaşı Oleqə dəstək vermək əvəzinə, onu özünə bir növ sosial təhdid görür. Axı Oleq sıradan bir qəssabdır, özü də işsiz-gücsüz. Bu isə Oleqi çox sarsıdır.

Müasir Latviya cəmiyyəti üçün ən vacib filmlərdən olan “Oleq”in başlanğıc epizodunda baş qəhrəman olan gənc oğlan qəfil qırılan buzun yarıqlarından çayın soyuq soyuna qərq olur. Nəhayət, filmin sonunda isə, o, sudan çıxmağı bacarır. Özü də keşişin yanında, xaçı öpərək və ruhunu bütün günahlardan təmizləyərək...

Filmin rejissoru Juris Kursietis, ssenari müəllifi Juris Kursietis və Liga Celma-Kursieteetonyadır. Əsas rollarda çəkiliblər: Oleq - Valentin Novopolski, Andrzej - David Ogrodnik, Malgosia - Anna Proçniak, Zita - Guna Zarina və sair.