Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 17, 29 və 31 mart tarixlərində hərrac keçiriləcək. Martın 17-də keçiriləcək hərraca 12 nəqliyyat vasitəsi, 29 martda təşkil olunacaq hərraca 15 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili, 16 nəqliyyat vasitəsi, 31 mart tarixindəki hərraca isə 15 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif markalıdır. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya, Koreya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1986-2010-cu illər arasında dəyişir
Nəzərinizə çatdıraq ki, hərraclarda alıcılara təqdim edilən nəqliyyat vasitələrinin qiymətləri bazar qiymətindən bir xeyli aşağı olur. Bəs görəsən buna səbəb nələrdir? Ölkəmizdə hərracların təşkili məsələsində şəffaflıq hansı səviyyədədir? Kimlər bu hərraclarda iştirak edə bilərlər?
İqtisadçı ekspert Elman Sadıqov hafta.az-a bildirdiyinə görə, dünyada hərraclar keçirilən zaman qiymətlər minimumdan başlayır. Burada isə hər kəs iştirak edə bilər:
“Hərracın keçirilmə şərtləri belədir: Hər bir iştirakçı müvafiq əşyaya qiymət təklif edir. Məsələn satışa ilkin olaraq 1000 manatla çıxarılan maşına daha sonra iştirakçılar 3000-3500 manat və daha çox təkliflər etməklə əldə edirlər. Nə üçün hərraclarda qiymətlər aşağı olur? Ona görə ki, yuxarı və orta qiymət qoyulmuş malın uğrunda elə də güclü rəqabət yaranmır. Aşağı qiymət həm də hərraca iştirakçı cəlb edib, real alıcı tapmağa fürsət yaradır”.
“Nə üçün Avropada təşkil olunan hərraclar daha müvəffəqiyyətli olur, bizdə isə yox?” sualına isə ekspertin cavabı belə oldu:
“Bunun açıqlaması olduqca sadədir. Ölkəmizdə hərracların keçirilməsi adət-ənənəsi tam olaraq formalaşmayıb. Yəni, əksər vaxtlarda əhalinin hərraca maraq göstərə biləcək hissəsi bu hərracın təşkilindən xəbərsiz olur. Bu səbəbdən bizdə bəzi vaxtlar hərraclarda az adam iştirak edir. Məsələ aşağı qiymət yox, daha çox adamın bura cəlb edilməsidir. Mən Avropa ölkələrində təşkil olunan hərrac bilirəm ki, təklif olunan mal sonda ilkin qiymətindən 20-30 dəfə baha satılıb. Bu da auditoriyada yaranan rəqabətin, iştirakçıların çoxluğunun bəhrəsidir”.
İqtisadçının fikrincə, ölkəmizdə təşkil olunan hərraclarda rəqabətin formalaşması üçün bura insanları cəlb etmək daha doğru olardı, nəinki ilkin qiyməti minimumla təklif etmək:
“Bizdə təşkil olunan hərracların şəffaf olub-olmaması haqqında nə isə demək yanlış olardı. Məsələ burasındadır ki, hərrac keçirilir. Burada 2-3 nəfər iştirak edir və sonda onlardan biri elə də yüksək olmayan qiymətə təklif olunan əşyanı əldə edir. Burada da inam məsələsi böyük rol oynayır. İnsanları hərraca cəlb etmək üçün ilk olaraq satışın əlverişli olacağına inandırmaq lazımdır. Sizi inandırım ki, bəzən hərrac keçirilir. Heç alıcı olmur və təkrar eyni məhsul daha aşağı qiymətlə hərraca qoyulur”.
Hərraca çıxarılan avtomobillərlə bağlı isə nəqliyyat eksperti Eldəniz Cəfərov bizləri bilgiləndirdi. Onun sözlərinə görə, hər bir dövlət təşkilatı, idarə və qeyri dövlət qurumlarının hüququdur ki, balansında olan nəqliyyat vasitələrini vaxtaşırı yeniləsin. Buraya özəlləşdirmə də daxildir:
“Buna görə qurumlar açıq hərraclar təşkil edirlər. Hərracda da hər kəs iştirak edə bilər. Təbii ki, müəyyən şərtlər daxilində. Əsasən hərracda həm fiziki, həm də hüquqi şəxslər iştirak edirlər. Elə hərraclar olur ki, bura yalnız hüquqi şəxslər qatıla bilərlər. Qiymət məsələsinə gəldikdə isə, bunu da həmin qurumun özünün daxili komissiyası bazar qiymətlərinə uyğun müəyyənləşdirir”.
Ekspert deyir ki, qurumlarda istifadə edilən nəqliyyat vasitələrinin istismar müddəti onların təyinatından asılı olaraq dəyişir. Həmçinin müvafiq qurumlar avtomobilin amortizasiya qiyməti çoxaldıqda onu dəyişmək ehtiyacı duyurlar:
“Nəqliyyat vasitələrinin növündən və təyinatından asılı olaraq həmin maşınların idarələrdə istismar müddəti var. Bu, onunla əlaqədar ola bilər ki, hər hansı qurum avtomobilin amortizasiya qiymətini xərcləri artdığı təqdirdə nəqliyyat vasitəsini yeniləmək istəyir. Bu da istismar müddətinin bitməsi ilə bağlı deyil, şirkətin sırf həmin avtomobilə çəkdiyi xərclərlə əlaqədardır. Bəzən köhnə avtomobilləri işlək vəziyyətdə saxlamaq üçün çox xərc çəkilməli olur. Bu da onun satılmasına gətirib çıxarır”.
Qeyd edək ki, sözügedən özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.