“Azərbaycan neft və qaz yataqları ilə zəngin bir ölkədir. Prezident İlham Əliyev ölkəmizin nəhəng enerji potensialından səmərəli istifadəni dövlət siyasətinin prioritet istiqamətinə çevirmişdir”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Spiker Sahibə Qafarova İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar xüsusi çıxışında bildirib.
“Ölkəmizin iqtisadi qüdrətinin artmasında karbohidrogen ehtiyatları mühüm rol oynayır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli layihələr təkcə ölkəmizin deyil, həm də bütün Avrasiya məkanının enerji təhlükəsizliyinin qorunmasına kömək göstərir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, digər layihələr həm indiki, həm də gələcək nəsillərin firavanlığını təmin etməyə yönəlmişdir.
Ancaq iqtisadiyyat yalnız bir mənbənin hesabına uzun müddət inkişaf edə bilməz. Məhz buna görə də dövlət başçısı neft və qazdan asılılığın azaldılması, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün düşünülmüş tədbirlər həyata keçirmişdir. Qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının, turizmin, informasiya texnologiyalarının və digər sahələrin dəstəklənməsi üçün məqsədyönlü proqramlar icra olunmuşdur. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, son iki ildə ümumi daxili məhsulda qeyri-neft sektorunun payı altmış dörd faiz olmuşdur”.
Spiker qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təmin edilən siyasi və iqtisadi sabitlik, əlverişli biznes mühiti istənilən layihənin uğurla reallaşmasını təmin edir. Ötən dövrdə ölkəmizin iqtisadiyyatına milyardlarla ABŞ dolları məbləğində investisiya qoyulmuşdur. Eyni zamanda, Azərbaycan özü də bir sıra regional və qlobal layihələrdə sərmayəçi kimi çıxış etmişdir.
S.Qafarova onu da qeyd edib ki, həyata keçirilən infrastruktur layihələri ölkəmizi regionun nəqliyyat-kommunikasiya mərkəzinə çevirmişdir. Bu isə tarixən Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırıb”.