Azərbaycan dünyada zəngin təbii sərvətlərə malik ölkələrdən biridir. Ancaq etiraf etməliyik ki, xalqımızın hər zaman bu sərvətlərdən bəhrələnmək imkanı olmayıb. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun dühasının məhsulu olan yeni neft strategiyası və həmin strategiyanın reallaşdırılması üçün hazırlanmış neft diplomatiyası nəticəsində Azərbaycan xalqı bu imkanı əldə edə bilib.
Qeyd edək ki, 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin inkişaf tarixində yeni mərhələ başlayır.1971-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Azərbaycanda 1 milyardıncı ton neftin hasilatının qeyd edildiyi təntənəli mərasim keçirilir. Heydər Əliyevin təşəbbüsü və böyük səyi nəticəsində 70-80-ci illərdə Azərbaycanda neft sənayesinin inkişafına təkan verən 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirilir. Xəzərdə 2500 t gücündə "Azərbaycan" kranı, "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yaranır. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edilir, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırılır. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. t-a (şərti yanacaq) çatdırılır. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatır və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 m dərinlikdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar (Günəşli, Çıraq, Azəri və b.) kəşf olunur.
O dövrdə məhz böyük siyasətçi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda neft emalı üçün xüsusi proqram hazırlanır və həyata keçirilməyə başlanır. Həmin proqrama əsasən yeni texnika və texnologiyaya malik zavodlar yaradılır, təzə qurğular inşa olunur. Həmin illərdə dünyada analoqu olmayan Dərin Dəniz Özülləri zavodunun Azərbaycanda, Bakıda tiklməsi üçün o zaman sovetlər məkanında 450 milyon dollarının ayrılması, bunun üçün Moskvadan belə bir icazənin alınmasına nail olunması (bu zavodun Həştərxanda tikilməsi nəzərdə tutulmuşdu) cənab Heydər Əliyevin möhkəm iradəsinin və cəsarətinin nəticəsi idi. Zavodun tikilməsinə 1978-ci ildə başlandı və 1989-cu ildə istismara verildi. Bütün bunlar Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi idi. O, çox gözəl anlayırdı ki, görülən bütün bu nəhəng işlər gələcəkdə müstəqillik qazanacaq Azərbaycanın istiqadi müstəqilliyinin əsasını təşkil edəcəkdir. Tarix ümummilli lider Heydər Əliyevin haqlı olduğunu sübut etdi.
1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoymaqla yanaşı, neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlanmasını reallaşdırdı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.
Dahi şəxsiyyətin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında onun ən böyük silahdaşı məhz o zaman Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyev idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə edilməsi üçün gərgin əmək sərf edib.
Beləliklə, seçilən düzgün yol, aparılan gərgin iş öz bəhrəsini verir. 1994-cü il sentyabrın 20-də Bakı şəhərinin “Gülüstan” sarayında XX əsrin ən böyük iqtisadi layihələrindən olan, tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adı ilə bütün dünyada məşhurlaşan saziş imzalanır. Bakıda dünyanın 8 ölkəsini təmsil edən yüksək nüfuza malik, neft hasilatı üzrə ixtisaslaşmış 13 iri neft şirkəti arasında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsini nəzərdə tutan bu irimiqyaslı beynəlxalq müqavilə müasir Azərbaycanın tarixində və taleyində mühüm rol oynayıb. “Əsrin müqaviləsi” ilə Azərbaycan özünün təbii sərvətlərinə sahib çıxmaq haqqını bütün dünyaya bəyan etdi, milli mənafelərimizi, iqtisadi və strateji maraqlarımızı qorumaq əzmini göstərdi. Bu müqavilə dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. “Azəri-Çıraq-Günəşli” yataqlarından hasilat isə 1997-ci ilin noyabr ayında başladı.
“Əsrin müqaviləsi”nin imzalanması mərasimində ulu öndər Heydər Əliyev bu tarixi hadisəyə qiymət verərək deyib: “Mən bu müqavilənin hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcəklər”.
Bu müqavilənin imzalanmasından sonra əldə olunan nailiyyətlərə nəzər yetirdikdə aydın olur ki, hazırda Azərbaycanın dünyanın aparıcı enerji təchizatçısına çevrilməsi heç də təsadüfü deyil. Belə ki, “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb olub. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən – 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatıb. Başqa sözlə, hasilat 5,6 dəfə artıb.1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql olunması haqqında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalanıb. 1997-ci ilin oktyabrında həmin boru xətti istifadəyə verilib. 1998-ci ildə AÇG nefti fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dəniz limanlarına ixrac edilməyə başlayıb.
“Əsrin müqaviləsi” çərçivəsində hasil ediləcək böyük neft həcmləri ilə müqayisədə bu kəmərin ötürücülük qabiliyyəti məhdud olduğundan ixrac boru kəmərlərinin çoxvariantlılığının zəruriliyi məsələsi gündəmə gəldi və alternativ variantlar üzərində ciddi iş aparılmağa başlanıldı. 1997-ci ildə Azərbaycan neftinin Bakı-Supsa marşrutu ilə nəqli haqqında ölkəmizlə Gürcüstan arasında saziş imzalandı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.
Lakin bu da kifayət etmirdi. Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri Azərbaycanın getdikcə artan iri neft həcmlərini dünya bazarına ixrac etmək gücündə deyildi. Məhz buna görə də əsas ixrac neft boru kəmərinin qısa zamanda inşası zərurəti yarandı. Belə olan təqdirdə ulu öndər Heydər Əliyev Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ideyasını gündəmə gətirdi. Respublikamızın həm daxildəki, həm də xaricdəki bədxahları beynəlxalq ictimai rəydə guya Azərbaycanın gələcəkdə bu kəmərlə ixrac etmək üçün kifayət qədər nefti olmayacağı barədə fikir yaratmağa çalışır, bu ideyanı utopiya hesab edirdilər. Lakin zaman ulu öndər Heydər Əliyevin bu konsepsiyasının tamamilə real, həm də iqtisadi cəhətdən səmərəli olduğunu göstərdi.
2002-ci ildə Ulu Öndərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. Bundan dörd il sonra Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı. Hazırda bu kəmərin əhəmiyyəti bütün dünyada birmənalı etiraf olunur.
Bu gün Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, eyni zamanda, ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, eləcə də neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən ölkələr, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir.
Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondur ki, bunu da gələcəkdə 60 milyon tona çatdırmaq mümkündür. 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Hazırda bu kəmərlə Azərbaycandan əsasən AÇG nefti və “Şahdəniz” kondensatı ötürülür. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur. İndiyədək Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə 3,87 milyard bareldən çox neft nəql olunub və Ceyhan limanında təqribən 5000 tankerə yüklənərək dünya bazarına göndərilib. Cari ilin yanvar-avqust aylarında bu kəmər vasitəsilə 19 milyon 2,7 min ton Azərbaycan nefti, həmçinin 3 milyon 12,7 min ton tranzit nefti nəql edilib.
2017-ci il sentyabrın 14-də daha bir tarixi hadisənin şahidi olduq. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. “Yeni Əsrin müqaviləsi” adlandırılan bu sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar. Bununla da, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başladı. Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Əvvəla, “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilədək uzadıldı. İkincisi, bu Sazişin şərtləri Azərbaycan üçün daha əlverişlidir. Yeni Sazişə əsasən, SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı. Beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikasının Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq.