Hindistanın Müstəqilliyinin 75-ci ildönümünü ilə bağlı bayram tədbirləri çərçivəsində bu ölkənin Azərbaycandakı Səfirliyi Hind Dili Gününü qeyd edib.

Hafta.az-ın yazdığına görə, hind dilinin 1949-cu ildə Hindistanın rəsmi dili olaraq qəbul edilməsi hər il sentyabrın 14-də Hind Dili Günü kimi qeyd olunur. Tədbirdə Hindistan diasporunun üzvləri, Azərbaycan Dillər Universitetinin (ADU) və Milli Elmlər Akademiyasının (AMEA) tələbə və akademik heyəti iştirak edib.

Səfir Bavitlunq Vanlalvavna çıxışında Hind Dili Gününün əhəmiyyətini vurğulayıb və bunun “Azadi Ka Amrit Mahotsav” adlı bayram tədbirləri çərçivəsində Hindistanın zəngin mədəni irsini nümayiş etdirmək üçün yaxşı fürsət olduğunu bildirib. O, hind dilinin Azərbaycanda təbliği üçün Səfirliyin Dillər Universiteti ilə əməkdaşlıq etdiyini də deyib.

Sonra ADU-nun Hindistan Mərkəzinin rəhbəri Səidə Mizəyeva və digər iştirakçılar hind dilində çıxış edərək Azərbaycanda bu dilin təbliğindən söz açıblar.