Hindistanla Azərbaycan arasında son 6 ayda ticarətin həcmi 439,9 milyon dollar olub

17:33 21.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın ölkəmizdəki Səfirliyi Telekommunikasiya Avadanlıqları və Xidmətləri İxracının Təşviqi Şurası (TEPC) ilə birlikdə 21 Telekommunikasiya Sektoru ilə bağlı vebinar və virtual B2B görüşü təşkil edib. Hindistanın müstəqilliyinin 75 illiyini qeyd etmək üçün "Azadi Ka Amrit Mahotsav" adı altında keçirilən tədbirlər çərçivəsində baş tutmuş görüşə Hindistan və Azərbaycanın böyük telekommunikasiya şirkətləri, TEPC nümayəndələri və Səfirlik rəsmiləri də daxil olmaqla 40-dan çox iştirakçı qatılıb.

Hafta.az-ın yazdığına görə, tədbirin məqsədi telekommunikasiya sektorunda iki ölkənin maraqlı tərəfləri arasında işgüzar əlaqələri asanlaşdırmaq olub. Telekommunikasiya avadanlıqları və xidmətlərinin ixracını təşviq etmək və inkişaf etdirmək üçün Hindistan Hökuməti tərəfindən Telekommunikasiya Avadanlıqları və Xidmətləri İxracının Təşviqi Şurası (TEPC) yaradılıb.

TEPC sədri Sandip Aqqarval tədbirdə açılış nitqi ilə çıxış edib. Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Hindistanın telekommunikasiya məhsullarının imkanlarını vurğulayıb və bu sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib.

Tədbir zamanı Hindistanın 11 aparıcı telekommunikasiya məhsulları istehsalçısı öz təqdimatları ilə çıxış edib. Hər iki tərəfdən iştirakçılar bir-biri ilə ünsiyyət qurmaq üçün yaxşı fürsət əldə ediblər və Azərbaycanın yerli telekommunikasiya şirkətləri hindistanlı həmkarları ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını nümayiş etdiriblər.

Hindistanla Azərbaycan arasında 2021-ci ilin yanvar-iyul aylarında ikitərəfli ticarət 439,9 milyon dollar təşkil edib. Azərbaycanın Hindistana ixracı 352,7 milyon dollar səviyyəsində qərarlaşıb. Bu dövrdə Azərbaycanın ümumi ixracatında Hindistanın payı 3,1 faiz təşkil edib və beləliklə, Hindistan Azərbaycanın ixracat siyahısında 8-ci yeri tutub. Azərbaycanın Hindistandan idxalı isə bu ilin ilk yarımilində ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artaraq 87,2 milyon dollara yüksəlib.

Oxunma sayı 510