“Hizbullah”, oktyabrın 8-də Qəzza zolağında Fələstinin müqavimət hərəkatlarına dəstək vermək üçün İsraillə münaqişəyə girdiyi vaxtdan bəri bəlkə də ən güclü zərbəni aldı. Peycerlərin partladılması nəticəsində ən azı 12 nəfər həlak oldu, 3 min insan isə yaralandı.
Hafta.az-ın BBC-yə istinadən yazdığına görə, peycer cib telefonlarının yaranmasından əvvəl qısa mətn mesajları, bildirişlər göndərmək və ya qəbul etmək üçün adətən istifadə edilən kiçik simsiz cihazdır. Bu cihazlar daha çox təhlükəsizlik işçiləri, xəstəxanalar və şirkətlər tərəfindən istifadə olunur.
Bəs peycerlər nədir, bu cihaz haqda nəlirik?
Bu cihazların iki növü var: birincisi, mesaj və ya bildiriş qəbul edən, lakin mesajlara cavab vermək və ya göndərmək imkanı olmayan cihazlardır. İkincisi, eyni vaxtda mətn mesajları göndərə və qəbul edə bilən cihazlardır.
“Financial Express” qəzetinin yazdığına görə, bu qurğular 1980-ci illərdə məşhurlaşsa da, smartfonlar çıxandan sonra onların istifadəsi azalıb. Bu gün də dünyada çox məhdud qrup insan tərəfindən istifadə olunur. “Hizbullah” üzvləri də bu cihazların əsas istifadəçiləridir.
Texniki vebsayt “Techlusive”, peycerlərin telefon şəbəkəsinin zəif olduğu vəziyyətlərdə faydalı ola biləcəyini və bu cihazların etibarlı alternativ təklif etdiyini bildirdi. Bundan əlavə, “Techlusive” təsdiq etdi ki, peycerlərin istifadəsi və saxlanması sadədir və bu, onları bir çox şirkət və qurumlar üçün müasir kommunikasiya texnologiyaları ilə müqayisədə sərfəli həll yolu edir.
Maraqlıdır, niyə “Hizbullah” məhz belə cihazlardan istifadə edir?
“Hizbullah” uzun müddətdir ki, məxfiliyi hərbi strategiyasının təməl daşı kimi qəbul edir, İsrail və ABŞ-ın casus proqramlarının sızmasının qarşısını almaq üçün yüksək texnologiyalı cihazlardan qaçır.
Yaxın Şərqdəki digər qeyri-dövlət aktorlarından fərqli olaraq, “Hizbullah” bölmələrinin daxili kommunikasiya şəbəkəsi vasitəsilə əlaqə saxladığına inanılır. Bu, uzun müddətdir ki, bəzi ölkələr tərəfindən dövlət daxilində dövlət kimi fəaliyyət göstərməkdə ittiham edilən güclü təşkilatın təməl daşlarından biridir.
İlin əvvəlində “Hizbullah” lideri Həsən Nəsrullah İsrail qüvvələri ilə sərhədyanı toqquşmaların intensivləşdiyi Livanın cənubundakı üzvlərini və ailələrini İsrailin İranı izləyə biləcəyinə inandıqları üçün mobil telefonlarından əl çəkməyə çağırıb.
Nəsrullah fevralda demişdi: “Telefonları söndürün, basdırın, dəmir qutuya qoyun. Bunu təhlükəsizlik üçün, insanların qanını və namusunu qorumaq üçün edin. İsraillilərlə əməkdaşlıq edən əlinizdə, arvadınızın və uşaqlarınızın əlində gəzdirdiyiniz mobil telefondur. Bu telefon həm əməkdaşlıq edən, həm də qatildir".
“Hizbullah” mobil telefonlar əvəzinə telsizlərdən istifadə etməyə əl atıb, lakin dünənki hücumların göstərdiyi kimi, hətta bu variant da risksiz deyil.