Hollivud yazıçılarından xəbərdarlıq: Tələblər yerinə yetirilməzsə...

14:26 19.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da təxminən 11500 televiziya və kino yazıçısını təmsil edən Amerika Yazıçılar Birliyinin (WGA) səsverməsində iştirakçıların əksəriyyəti lazım gələrsə, tətilə çıxmaq kimi etiraz aksiyası keçirməyi dəstəklədiklərini bildirib.

Hafta.az-ın Guardian-a istinadən yazdığına görə, ABŞ-da televiziya və kino yazıçılarını təmsil edən birliyin səsverməsində ən azı 9200 nəfər iştirak edib. Səsvermədə tətili dəstəkləyənlərin nisbəti 97,85 faiz, əleyhinə çıxanların nisbəti isə 2,15 faiz olaraq müəyyən olunub. Müqayisə üçün, birliyin 2017-ci ildəki səsverməsində tətili dəstəkləyənlərin nisbəti 96,3 faiz olub və orada 6310 nəfər iştirak edib.

WGA yeni müqavilə imzalamaq üçün Kinofilm və Televiziya İstehsalçıları Assosiasiyası (AMPTP) ilə danışıqlar aparır. AMPTP ABŞ-da 350 televiziya kanalı və film istehsal edən şirkətləri təmsil edən ticarət birliyidir.

Bu birliklə WGA arasında mövcud müqavilənin müddəti mayın 1-də başa çatacaq.

İstehsalçı şirkətlərin və kanalların qazanclarının artdığına, lakin yazarlara edilən ödənişlərin yetərli olmadığına diqqət çəkən birlik, səsvermə nəticələrinin sektorda dəyişiklik yaratmaq üçün mühüm fürsət olduğunu bildirib.

WGA tərəfindən verilən şərhdə, sənayedəki bütün yazarlar üçün ədalətli ödənişlər tələb edildiyi və birlik üzvlərinin bunu qazanmaq üçün böyük həmrəylik göstərdikləri ifadə edilib.

Həmkarlar ittifaqından Laura Blum-Smith təcrübəli yazıçıların bu sahəyə yenicə qədəm qoymuş yazıçılarla demək olar ki, eyni miqdarda pul aldıqlarına diqqət çəkib: "Sənaye inkişaf etdikcə və studiyalar illik 30 milyard dollara yaxın gəlir götürdükcə yazıçıların maaşı aşağı düşür. Studiyalar yazıçıları ciddi şəkildə dəyərsizləşdirir və yazıçılığın bir peşə kimi davamlılığını təhdid edir".

WGA daxilində Hollivud yazıçıları sonuncu dəfə 2007-ci ilin noyabrında böyük tətil keçiriblər. Bildirilib ki, 100 günlük tətil zamanı prodüser şirkətləri və studiyaları təxminən 2,1 trilyon dollar itirib.