Mərakeşin Mədəniyyət və Gənclər naziri Mehdi bin Səid, bütün dünyada, o cümlədən Azərbaycanda məşhur olan klassik ərəb alimi, böyük filosof, dövlət xadimi İbn Haldunun vaxtilə yaşadığı evin satışa çıxarılma xəbərini eşidər-eşitməz məsələni nəzarətə götürüb və məsələ ilə bağlı araşdırmaya başlamaq barədə təlimat verib.
Hafta.az-ın "Alyaoum24" saytına istinadən yazdığına görə, Bin Said, sosial mediada müzakirələrə səbəb verən İbn Haldunun Fes-Meknes bölgəsindəki tarixi evinin satışa çıxarılmasına imkan verməyəcəklərini bildirib. Nazirin təlimatından dərhal sonra Fes-Meknes Mədəniyyət İdarəsinin rəsmiləri araşdırmaya başlayıblar.
Qeyd edək ki, alim 74 illik həyatının bir hissəsini də Mərakeşin qədim paytaxtı olan Fesdə yaşayıb və Əbu İnaniyyə mədrəsəsində yaşayaraq elmi-təhsil işləri ilə məşğul olub.
Bu arada, adıçəkilən bölgənin Mədəniyyət İdarəsinin rəhbərliyi deyib ki, sözügedən evin həqiqətən də İbn-Halduna aid olub-olmaması haqda dəqiq mövqe yoxdur. Çünki bu məlumatı təsdiq edəcək heç bir sənəd-sübuta malik deyillər.
Buna baxmayaraq, mədəniyyət naziri Mehdi bin Səid bölgə idarəsinə Fes-Maknesdəki bütün ehtiyaclı tarixi binaların təmir-bərpa işlərinə başlamaları barədə göstəriş verib. O cümlədən, İbn Haldunun evi də həmin binaların siyahısındadır.
Xatırladaq ki, binanın divarında satış haqda elanı görən yerli sakinlər bu barədə Mədəniyyət və Gənclər Nazirliyinə yazılı məlumat verərək, onlardan məsələyə müdaxilə etmələrini tələb ediblər.
Tarixi qeydlərə əsasən, Şərqin böyük alimi sosial elmlərin yaradıcısı sayılan Əbdürrəhman İbn Haldun 27 may 1332-ci ildə Tunisdə doğulub, 1406-cı ildə isə Misirdə - Qahirədə vəfat edib.