İcra hakimiyyətlərinə müraciətləri baxmadan YAŞAT fonduna yönləndirirlər - Etiraz

18:09 17.12.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Maraqlı tendensiya yaranıb. Bir qazi, şəhid ailəsi icra hakimiyyətlərinə müraciət edən kimi, onlar müraciətin səbəbinə baxmadan YAŞAT fonduna yönləndirirlər. YAŞAT fondu da özü bir xeyirxahlıq platformasıdır. İanələri qəbul edir, onları yönləndirir və açıq-şəffaf hesabat irəli sürür.

Bu fikirləri hafta.az-a “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə deyib:

"YAŞAT Fondunun da səlahiyyətlərinə aid olan və olmayan məsələlər var. İcra hakimiyyəti ərazisində olan qazisinin, şəhidinin sayını, probleminin nə olduğunu bilir.  Onlar soruşan kimi bildirməlidir ki, bəli, bu ailədə bu problemlər var və aradan qaldırılması üçün hansı işləri görmüşük.  Hər icra hakimiyyətində şəhid ailələri ilə bağlı  şöbələr  yaradılıb. Biz gözləyirdik ki, o şöbələr bir qədər aktiv olacaq, amma elə bil  onlar da məmur sifətinə yaxınlaşdılar. 

Yəni şəhid, qazi problemlərinə sənədlə tutulan plan, proqram şəklində baxıla bilməz. Bu işdə ürəklə can qoymalısan. Gücün nəyə çatır özün et, çatmayanlarla bağlı müraciətlərin olmalıdır. Amma deməliyəm ki, yaxşı işləyən icra hakimiyyətləri də var və biz onlarla aktiv surətdə işləyirik. Hərdən onların zənglərindən yoruluruq da. Sonra da deyirəm, yaxşı ki, maraqlanırlar. Eləsi də var, onlardan səs çıxmır. Sanki hər şey qaydasındadır."