Pakistanın Dera Adem Heyl şəhəri 150 ildən çoxdur ki, dünyanın bu bölgəsində qanunsuz silah sənayesi mərkəzi olaraq qalmaqdadır.
Hafta.az-ın yazdığına görə, paytaxt İslamabaddan 200 kilometr məsafədə yerləşən Dera Adem Heyldə əsryarımdır evlərdə, küçələrdə, zirzəmilərdə - hər yerdə qanunsuz silah hazırlanır. Dera bazarının bu başından o başınadən yüzlərlə silah dükanı fəaliyyət göstərir. Bu dükanlarda ov tüfənglərindən snayperlərə, avtomatlardan tapancalara, hətta raketatan qurğularadək hər cür silah görmək mümkündür.

Hazırda şəhər sakinlərinin başlıca dolanışıq mənbəyi məhz silah sənayesi və ticarətidir. Hətta Əfqanıstanda uzun illər müharibələrin olması, eləsəcə də Pakistanın özündə qanunların 2018-ci ilədək bu bölgədə diqqətə alınmaması şəhərdəki silah ticarətinin genişlənməsinə təsir edib.
Peşavərə bir saat uzaqlıqda yerləşən şəhərin 100 mindən çox əhalisi var. Maraqlıdır ki, 100 minlik şəhərdə ortalama 2 min silah dükanı fəaliyyətdədir. Dağlıq bölgədə yerləşən Dera Adem Heyldə yüzlərlə irili-xırdalı silah emalatxanasında və zavodda 25 mindən çox insan çalışır.
Bu arada, şəhərdə satıcılaraın aldığı tələbə uyğun sayda və çeşiddə silah istehsal edilir. Aylıq silah istehsalı isə satışından asılı olaraq 50-60-dan başlayaraq min ədədədək yüksəlir.
Yerli istehsal olan tapancaların qiyməti 10 min Pakistan rupisindən başlayır və alıcının tələbinə görə bir neçə min dollaradək qalxa bilir. Avtomatlar isə 30 min Pakistan rupisindən başlayır.
Şəhərdə ən çox satılan silahlar arasında "AK-47"lər diqqət çəkir. Bu silahların qiyməti 20 min Pakistan rupisindən başlayır.
Qeyd edək ki, silahlar onlayn formada da satışa çıxarılıb. Telefonda şəklini və özəlliklərini görüb bəyəndiyin istənilən silahı dükandakından daha ucuza ala bilərsən.

Məlumata əsasən, silah emalatxanaları adətən dükanla bir yerdə olur. Yəni istehsal olunan silah küçəyə açılan qismində yaradılmış dükandaca alıcıya təklif edilir. Emalatxanalarda çalışan ustalar, məsələn, bir tapancanı 3 günə istehsal edir. Avtomatlar isə 5-6 günə hazırlanır.
Burada silahlar bir çox müəssisələrdə texniki üsulla yanaşı, daha çox kustar formada hazırlanır. Yəni çoxu əl işidir.
Dükanlarda sürsat da satılır. Burda müxtəlif silahlar üçün güllələr, ehtiyyat hissələri, hərbi jiletlər, durbinlər ve müxtəlif növ avadanlıq almaq mümkündür. AK-47 gülləsinin biri 60 Pakistan rupisinə təklif olunur. Dükanlardan eləsi var ki, günə 2,5 min və ya ayda 60 min güllə sata bilir.