Son bir neçə gündə ali məktəbə imtahan verib, uğurlu nəticə göstərə bilməyən iki gəncin intihar xəbəri ölkə mətbuatında və və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Təəssüf hissi ilə vurğulamaq istərdik ki, bu hal nə ilkdir, nə də son. Bəzi gənclər ailə və cəmiyyətin basqısı ilə qəbul imtahanlarına həddindən artıq məna yükləyir, nəticə uğursuz olduqda isə çıxış yolunu intiharda görürlər.
Belə halların yaşanmaması üçün hansı addımlar atılmalıdır? Valideynlərin və dövlət qurumlarının üzərinə hansı işlər düşür?
Mövzu ilə bağlı hafta.az-a açıqlama verən psixoloq Gülnar Orucova deyir ki, məktəblilərin intiharının qarşısını almaqda ilk iş valideynlərin üzərinə düşür. “Hər kəs universitet oxumalıdır”, – deyə qanun yoxdur. Uşaqlara təhsilin vacibliyini doğru aşılamalıyıq:

“Bu gün Azərbaycanda hər kəs istəyir ki, övladı universitet oxusun. Bunu savadı və imkanı olan da istəyir, olmayan da… Aylıq gəlirinin, hətta 80%-ni repetitora verən valideynlər də var ki, deyirlər: “Mənim uşağım hökmən universitetdə oxumalıdır”. Bu səbəbdən ölkəmizdə ali məktəbə qəbul olunmaq, sanki bir yarışmaya çevrilib. Belə olan halda da ortaya müxtəlif problemlər çıxır. Məsələn, hər kəs uşağın üzərinə həddən artıq məsuliyyət yükləyir. Əlbəttə, uşağın məsuliyyət hissi olmalıdır. Amma qədərində… Məsuliyyət hissi artdıqda uşaq depressiyaya düşür, həyatdan narazı olur və gözləntiləri artır. Nəticələri aşağı olduqda isə valideyn onu günahlandırmağa başlayır. Bu zaman da intihar halı ilə qarşılaşırıq. Uşağın üzərinə çəkə biləcəyindən artıq məsuliyyət yüklənməməlidir. Mən də başa düşürəm, valideyn gəlirinin böyük bir hissəsini övladının təhsilinə xərcləyir. O düşünür ki, övladı ali təhsil alsa, daha avantajlı olacaq. Ancaq bu gün universitet bitirmiş uğursuz insanlar da görürük, ali təhsil almadan uğur qazananlar da… Yəni insanın uğuru onun bacarığından asılıdır”.
Psixoloqun sözlərinə görə, valideynlər övladları ilə danışarkən işlətdikləri hər sözə diqqət etməlidirlər. Məsələn, “Sən universitetə girməsən, onda görərsən” ifadəsi olduqca yanlışdır:
“Burada valideyn olaraq uşaqlarımıza universitetə girməmək ehtimalının böyük olduğunu yükləyirik. Valideyn elə bilir ki, bütün gün uşağın əlində kitab olanda o oxuyur. Xeyr, elə deyil. Abituriyentin günboyu dərs oxumaq müddəti 4 saat olmalıdır. 4 saatdan artıq dərs oxuyanda nəticədən söhbət gedə bilməz. Yorulan beyin informasiya qəbul etmir, etsə belə bunu mənimsəmir”.
Müsahibimiz dərs yükünün çoxluğundan bəhs edərkən bir məqamı xüsusilə vurğuladı. Bu da repetitor amilidir. Hansı ki, bəzi müəllimlər abituriyent hazırlaşdırıb pul qazana bilsinlər deyə, şagirdlərə məktəbdə dərs keçmirlər. Nəticədə, şagird davamiyyət səbəbindən məktəbə, bilik öyrənmək üçün hazırlığa getməli olur:
“Türkiyədə repetitorlar yalnız bu işlə məşğul olurlar. Orta məktəb müəllimlərinin abituriyent hazırlaşdırması qəti qadağandır. Ölkəmizdə isə qanunlar fərqlidir. Bu, bizim təhsil sistemimizin problemidir. Müəllimlərimiz məktəbdə dərs keçmirlər ki, hazırlıqda keçib pulumu alacağam. Bu, müəllimlik peşəsinə ləkədir. Xüsusilə də şəhər məktəblərində müəllimlər şagirdləri yola verirlər. Təhsil sistemimizdə kifayət qədər boşluqlar olduğu üçün şagirdlərin dərs yükü artır. Şagird qayıb yazılmasın deyə məktəbə gəlməyə məcburdur. Eyni zamanda dərs öyrənmək üçün repetitor yanına getməlidir. Başqa bir problem isə ondadır ki, gələcəkdə heç lazım olmayan dərslər şagirdlərə öyrədilir. Dərs saatı aşağı salınmalıdır. Dərsdən sonra hazırlığa gedib axşam saat 7-8 də evə gələn abituriyentin oxumağa həvəsi qalmır”.
Dərs yükündən bəhs etmişkən, elə sosial şəbəkələrdə də bu hal intihara gətirib çıxaran əsas səbəblər sırasında müzakirə edilir. Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi bildirir ki, intihar hallarının baş verməsində birbaşa günahkar kimi Təhsil Nazirliyini göstərmək doğru deyil. Burada 2019-cu ildən bəri tətbiq edilən kurikilium sistemi ilə qəbul imtahanlarının götürülməsi, ailə və cəmiyyətin psixoloji təsirləri, məktəb pedaqoqlarının düzgün işləməməsi də mühüm səbəblərdəndir:
“Ölkədə ümumilikdə 220 mindən çox təhsilalan var. Şagirdlərin hər birinin psixologiyası eyni deyildir. Bu səbəbdən, təhsil müəssisələrində işinin peşəkarı olan psixoloqlar çalışmalıdır. Təəssüflər olsun, hazırda məktəblərdə psixoloq vəzifəsini həmin peşə mənsubları icra etmirlər. Nazirlik belə halları diqqətdə saxlamalıdır”.
Dərs yükünün çoxluğu ilə bağlı narazılıqlara gəldikdə isə, təhsil eksperti hesab edir ki, dərs yükündə ağırlıq var. Xüsusən də şagirdlərə gələcəkdə heç vaxt lazım olmayacaq mövzular öyrədilir:
“Biz dünya standartlarını tətbiq ediriksə, müəyyən mənada yeniliklər vacibdir. Belə olan halda ixtisarlar da edilməlidir. Dərs yükündə mənim heç vaxt qəbul etmədiyim əsas məqam lazımsız informasiyaların şagirdlərə verilməsidir. Hansı ki, həmin məlumatlar heç vaxt şagirdə lazım olmayacaq. Hazırda orta məktəblərdə müəllimlərin dərs keçməyə zamanı qalmır. Onlar 45 dəqiqəlik vaxtı davamiyyət yoxlanışı, jurnal yazmaq və s. kimi işlərə sərf edirlər. Dərs yükü azaldılmalıdır”.
Elçin Əfəndi məktəblilərin intiharında bəzi qurumların məsuliyyətsizliyindən də söz açdı:
“Bu işdə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və hər il dövlət büdcəsindən pul ayrılan QHT-lərə Dəstək Şurasının da üzərinə böyük yük düşür. Qrant layihələr alıb ortalığa heç bir nəticə çıxarmayan QHT-lər, əslində, ailələrlə və uşaqlarla iş aparmalıdır. Görünən odur ki, hamı öz mənafeyini güdür”.
Ekspertin fikrincə, gələcəyə güclü vətəndaş yetişdirmək və intihar hallarının qarşısının alınması üçün müəllim amili də mühüm rol oynayır. Buna görə kişi müəllimlər də tədrisə cəlb edilməlidir:
“İndi orta təhsil müəssisələrində çalışan müəllim heyətinin, demək olar, 80%-i qadındır. Kişi müəllimlər tədrisə cəlb edilməlidir. Bunun üçün də ilk növbədə, maaşlar artırılmalı, müəyyən güzəştlər tətbiq edilməlidir. Xüsusən ibtidai siniflərdə kişi müəllimlərin dərs deməsi uşaqların təlim-tərbiyəsi üçün vacib haldır”.