Amerikalı müstəqil jurnalist Li Fanq xristian inancında “Armageddon döyüşü” kimi tanınan peyğəmbərliyin siyasi nəticələrini araşdırmaq üçün ABŞ Konqresinin üzvləri ilə görüşüb.
Hafta.az-ın yazdığına görə, “Praying for Armageddon” filmi üçün Amerika siyasətçiləri ilə danışan Fang, İncildəki peyğəmbərliyin ABŞ-ın İsrail-Fələstin müharibəsi ilə bağlı siyasətlərinə necə təsir etdiyinə işıq salmağa çalışıb.
Amerikalı jurnalist İsrail-Fələstin gərginliyi çərçivəsində iyulda tamaşaçılara təqdim olunan filmdən bəzi fraqmentləri sosial media platforması X-də paylaşıb.
Görüntülərdə Respublikaçı konqresmen Lauren Boebert mövzu ilə bağlı suala "İki millət Allahı tərifləmək üçün yaradılıb: İsrail və Amerika Birləşmiş Ştatları. Hər ikisinə təşəkkür edirəm, hər ikisinə hörmət edirəm və onları qorumaq üçün əlimdən gələni edəcəyəm”.
Digər Respublikaçı konqresmen Tim Burcet isə mövzu ilə bağlı suala belə cavab verib: "Baptist və ya yevangelist icmanı radikal adlandıra bilmərəm. Çünki onlar müqəddəs kitaba tabedirlər və müqəddəs kitabda deyilir ki, İsrailə xeyir-dua verənlər xeyir tapacaqlar. Onlar bunu dəyişməz olaraq qəbul edirlər və mən də onlardan biriyəm”.
Xristian inancında Armageddon döyüşü adlanan son müharibənin Yerusəlim (Qüds) ətrafında baş verəcəyinə və sonra qiyamət gününün gələcəyinə inanılır.