Azərbaycan və Ermənistan liderlərinin görüşünə və danışıqlar aparmasına ehtiyac var.
Bu fikirləri hafta.az-a politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, iki ölkə müharibədən sonra yerdə qalan problemli məsələləri masa ətrafında həll etməyə çalışmalıdır. Çünki sərhəddə gərginliyin artırılması nə Azərbaycana, nə də Ermənistana faydalı deyil.
“Bizə lazımdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan sərhədlərin müəyyənləşməsiylə bağlı danışıqlara razılaşsın, dəhlizin açılması sürətlənsin, sülh sazişinin mətni üzərində iş başlasın. Bunun üçün müxtəlif səviyyələrdə danışıqların başlaması faydalıdır. Əlbəttə, bir və ya bir neçə görüşdən nəticə çıxmayacaq, ancaq indiki şərtlər altında danışıqların alternativi yoxdur”.
E.Şahinoğlu qeyd edib ki, Azərbaycan cəmiyyəti ikinci Qarabağ müharibəsində yekdil idi, fərqli yanaşma yox idi. Çünki söhbət işğal altındakı torpaqlarımızın azad olunmasından gedirdi. Politoloq bildirib ki, sərhəddə baş verən son toqquşmalar və itkilərimizlə bağlı cəmiyyət içərisində fərqli baxışlar meydana çıxıb, bunu sosial şəbəkələrdəki müxtəlif statuslardan da hiss etmək olar.
““Zəngəzur dəhlizi məsələsində Qarabağın azad olunması qədər israrlı olmamalıyıq” kimi fikirlərlə razılaşmasam da, bu mövzuda diskussiyaları normal qiymətləndirirəm, 10 milyon azərbaycanlı eyni cür düşünə bilməz. Zəngəzur dəhlizi və sərhəddəki toqquşmalarla bağlı cəmiyyətdə fikir ixtilafının yaranması o deməkdir ki, bu mövzuların cəmiyyətə daha tutarlı və məntiqli şəkildə izahına ehtiyac var. Hakimiyyət ideoloqları bu barədə düşünməlidirlər”.