Hindistanın Bihar əyalətindən olan 74 yaşlı Mohan Lal "dəfninə kimlərin gələcəyini" və "ona kimin nə qədər hörmət etdiyini" görmək üçün özü üçün saxta dəfn mərasimi təşkil edib. Medianın məlumatına görə, o, cənazə arabasına uzanıb krematoriyaya aparılmasını istəyib, arxa planda isə emosional mahnılar səslənib.
Hafta.az yazır ki, onun “ölüm” xəbəri qısa zamanda yayılıb və yüzlərlə kənd sakini dəfn mərasiminə qoşulub. NDTV-nin məlumatına görə, onlar hadisə yerinə çatanda Mohan Lal ayağa qalxaraq hər kəsi təəccübləndirib. Daha sonra saxta dəfn mərasimində simvolik bir heykəl yandırılıb və böyük bir şənlik təşkil edilib.
Hadisə internetdə geniş müzakirələrə səbəb olub.
NDTV-nin məlumatına görə, kənd sakinləri Mohan Lalı adi insan kimi deyil, fəal icma işçisi kimi tanıyırlar. O, yağışlı mövsümdə kremasiyanın çətinliklərini gördükdən sonra bu yaxınlarda öz pulu ilə kənddə müasir krematoriya tikdirib.
Mediada yayılan məlumatlara görə, Mohan Lalın həyat yoldaşı Civan Cioti 14 il əvvəl vəfat edib və hazırda Mohan Lal iki oğlu və bir qızı ilə birlikdə yaşayır.