Sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Bəydəmirli isə baş nazirin imzaladığı antiinflyasiya tədbirləri haqqında sərəncamı gecikdirilmiş addım hesab edir.
Ekspert hafta.az-a bildirib ki, illər boyu bu və digər formada qiymət artımı ilə bağlı cəmiyyətin narahatçılığını hökümət qarşılamır. Çünki inflyasiyanı əslində statistika çox aşağı göstərir, amma inflyasiyanı monitorinq etmək çox asandır:
Qiymətlər elə olur ki, gündəlik, elə də olur ki, həftəlik artır. Ancaq istehlak səbətinə çoxlu məhsullar daxil olduğuna görə, Statistika Komitəsinin apardığı araşdırmalarda bu bəzən reallığı əks etdirmir. Vətəndaşı daha çox gündəlik aldığı mallardakı qiymət artımı narahat edir. Hökümətin son addımı çörəyin və unun qiymətinin artması ilə bağlıdır.
Çünki keçən il hökümət hesab edirəm ki, səhv addım olaraq yerli un istehsalçılarına subsidiya verməyə başladı. Hökümət yerli monopolistləri “qorumaq” üçün həm də dövlət büdcəsindən dəstək verirdi. Və belə olan şəraitdə biz dəfələrlə təklif etmişdik ki, unun qiymətini süni yollarla saxlamaq mümkün deyil.
Bunun üçün buğda istehsalını stimullaşdırmaq, yerli istehsalı artırmaq lazımdır və bu məqsədlə də monopoliya aradan qaldırılmalıdır. Yəni, kosmetik addımlarla heç nəyə nail olmaq olmaz.
Bizim proqnozlarımız da əslində doğru çıxdı və büdcədən kifayət qədər vəsait ayrılsa da, qiymətləri nəzarət altında saxlamaq mümkün olmadı. Ona görə də yeni ildən monopolistlərin “subsidiyalaşması” ləğv olundu. Hesab edirəm ki, əslində idxal ununa ƏDV-ni götürməli idilər. Buna görə hökümətin atdığı antiinflyasiya tədbirlərini həmişə yarımçıq hesab etmişəm. Yeni sərəncamın da inflyasiyanın qarşısının alınmasında nə dərəcədə rol oynayacağını proqnozlaşdırmaq çətindir.
Vurğuladığım kimi, bununla bağlı gərək iqtisadiyyatda kompleks addımlar atılsın, rəqabət mühiti təmin olunsun. Başqa ölkələr qiymət artımını önləmək üçün idxal vergilərini, idxal rüsumlarını aradan qaldırır və ya kifayət qədər azaldırlar ki, xalq qiymət artımından əziyyət çəkməsin. Çox təəssüf edirəm ki, biz bunu ölkəmizdə müşahidə edə bilmirik”.