İran indi də İraqı hədələdi: hücuma başlayacağıq!

09:45 12.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Məşhəddə keçirilən tədbirdə çıxış edərək deyib ki, Şimali İraqda İranın sərhəd təhlükəsizliyinə təhdid yaradan “separatçı terror təşkilatları” mövcuddur.

Hafta.az-ın yarı rəsmi “Tesnim” Xəbər Agentliyinə istinadən yazdığına görə, əvvəlki illərdə bu təşkilatlara qarşı raket və dronlarla hücumlar edildiyinə diqqət çəkən Məhəmməd Baqiri deyib ki, İraq bu təşkilatları sentyabr ayına qədər tərksilah edəcəyinə söz verdiyi üçün əməliyyatları dayandırıblar.

"İraq öhdəlik götürənə qədər gözləyəcəyik. Ümid edirik ki, İraq hökuməti üzərinə düşən məsuliyyəti yerinə yetirəcək. O vaxta qədər bu qruplar tərksilah edilməsə, şübhəsiz ki, onlara qarşı əməliyyatlarımız daha şiddətli şəkildə təkrarlanacaq", - deyib iranlı general

Ötən il İran İraqın şimalında yerləşən Ərbil şəhərindəki İKDP qərargahına və Süleymaniyyədəki “Komele” təşkilatına aid mərkəzə raket və kamikadze pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.

2022-ci ilin sentyabrında təhlükəsizlik qüvvələrinin Mahsa Əminini öldürməsindən sonra başlayan etirazlar davam edərkən, Tehran rəhbərliyi “Komele” və İKDP-ni xaos yaratmaq üçün sərhəd bölgələrinə silahlı qruplar və çox sayda silah göndərməkdə ittiham edib.

İranın “terror təşkilatı” hesab etdiyi “Komele” və İKDP illərdir İraq Kürd Regional Rəhbərliyinin (KRG) nəzarəti altında olan bölgələrdəki düşərgələrə sığınırlar.

Siyasət rubrikasından digər xəbərlər