İran polisi gənc oğlanı öldürdü, anasına da 13 il iş verdi

10:43 03.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranda rejim əleyhinə nümayişlər zamanı öldürülən 20 yaşlı oğlu üçün sosial şəbəkədə ədalət axtaran ana Məhsa Yəzdani 13 il həbs cəzasına məhkum edilib.

Hafta.az-ın yazdığına görə, bildirilib ki, küfrdə, ictimaiyyəti qızışdırmaqda, dini lideri təhqir etməkdə və rejim əleyhinə təbliğat aparmaqda təqsirli bilinən Yəzdaninin cəzasının ilk 5 ilində şərti azadlığa buraxılma şansı olmayıb.

20 yaşlı Məhəmməd Cavad Zahedi 2022-ci ilin sentyabrında Məhsa Əmini adlı gənc qadının hicabsız olduğu üçün əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra həbsdə öldürülməsi ilə başlayan rejim əleyhinə nümayişlərə qatılıb və burada o, təhlükəsizlik qüvvələrinin yaxın məsafədən açdığı atəşlə dəfələrlə vurularaq öldürülüb.

Çoxlu güllə hədəfi olan Zahedinin cansız bədəninin görüntüsü sosial şəbəkələrdə yayılıb.

Ailə, övladının kürəyindən və başından yaxın məsafədən vurularaq öldürüldüyünü açıqlayıb və yarılma hesabatında Zahedinin çoxsaylı güllə yaralarından öldüyü müəyyən olunub.

Oğlunun ölümündən sonra ədalət mübarizəsinə başlayan ana Yəzdani 2022-ci ilin avqustunda sosial media hesabında rejimi tənqid edən yazılar paylaşdığı üçün həbs edilib.

Yəzdaninin qızı Mitra Zahedi anası 13 il həbs cəzasına məhkum edildikdən sonra paylaşım edib: "Mənim 3 yaşlı qardaşımın aqibəti necə olacaq? Bütün bu qəddarlığın məsuliyyəti kimdədir?".

Ötən il İranda rejim əleyhinə keçirilən nümayişlərdə öldürülən 380 nəfərin ailələri məhkəmə və polisin təzyiqi altındadır.

May ayında nümayişlər zamanı öldürülən 17 yaşlı Əbül Fazıl Adinezadənin atası və bacısı haqqında rejim əleyhinə təbliğat ittihamı ilə istintaq başladılıb. Ailənin yaşadığı evə bir neçə dəfə polis basqın edib.

Nümayişlərdən sonra edam edilən 22 yaşlı karate çempionu Məhəmməd Mehdi Kərəminin atası Maşallah Kərəmi də avqust ayında həbs olunub.

Siyasət rubrikasından digər xəbərlər