İran səhnə arxasında hərəkət edir - Natiq Miri

18:23 04.04.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Əgər Qərb Ermənistanın Rusiyanın orbitindən çıxmağını tələb edirsə, Ermənistan da Qərbdən bütün sahələr üzrə təhlükəsizlik təminatı almağı düşünür.

Bu fikirləri hafta.az-a politoloq Natiq Miri Brüssel görüşü öncəsi Antoni Blinkenin Prezident İlham Əliyevə məlum zəngini şərh edərkən deyib:

“Ermənistan Qərbdən milyardlarla vəsait alaraq öz iqtisadiyyatını dirçəltmək, yeni bazar təminatı, bu bazara çıxaracaq məhsulların standartını artırmaq istəyir. Eləcə də yeni müasir silahların alınması, ordunun, hərbi sənaye kompleksinin inkişafı, ordunun NATO standartında inkişafı üçün islahatların aparılması və birgə hərbi təlimlərin keçirilməsi istiqamətdində yardımlar istəyir".

N.Miri İranın da bu prosesin tərkib hissəsi olduğunu deyib. Onun sözlərinə görə, İran səhnə arxasında hərəkət edir. Çünki Ermənistan məhsullarının Avrasiya İqtisadi İttifaqı üzvü olan ölkələrin bazarlarında satılır. Burada əsas üstünlük Rusiyadadır. Bu məhsullar Qərb, Avropa bazarları standartına uyğun deyil.

“Bu gün bu məhsulların Avropa bazarına çıxarılacağına dair təminatlar da yoxdur. Ona görə də Ermənistanın Rusiyadan və bu bazardan ciddi asılılığı var. Bundan başqa bir çox texnoloji infrastrukturlar Rusiya şirkətlərinin nəzarətindədir. Hətta dəmir yollarının nəzarət paketinə Rusiya şirkətləri rəhbərlik edir. Bir də Ermənistanın hərbi təhlükəsizilik kontekstində müəyyən təminata ehtiyac var.

Eləcə də Avropadan, Hindistandan daşınacaq silahların Türkiyə vasitəsi ilə Qara dənizdən gətirilməsi mümkün deyil. Yüklərin Gürcüstandan gətirilməsi üçün isə Azərbaycanın xəbərdarlıqları var və burda da problem var. Yeganə xətt İrandır və Hindistandan, Fransadan gələn silahlar İran vasitəsi daşınacaq. Bundan başqa, Rusiya sıxışdırılıb çıxarıldığı halda İrana müəyyən paylar da vəd oluna bilər. Ona görə də İran rəsmilərinin boğazdan yuxarı verdiyi bəzi açıqlamalar var. Guya 3-4-cü qeyri-regional qüvvələrin regiona gəlməsinə qarşıdılar. Amma konkret əməli fəaliyyət mövcud deyil. Ona görə də İran susur”.
Politoloq qeyd edib ki, İran-Fransa münasibətləri hər zaman normal olub. Xomeynini hakimiyyətə gətirən dövlət də Fransadır. Ona görə də, Fransa bir çox məsələlərdə fikir ayrılığına rəğmən İranla eyni hədəflərə xidmət edirlər.