İranda su böhranı yaranıb, narazı xalq etiraz aksiyaları keçirir

10:30 03.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın coğrafiyasının geniş ərazilərini əhatə edən quraqlıq böhranı və administrasiyanın su ehtiyatlarını idarə edə bilməməsi ölkənin şərq və qərb əyalətlərində etirazlara səbəb olub.

Hafta.az-ın İSNA-ya istinadən yazdığına görə, Zabul şəhərinin yüzlərlə sakini etiraz yürüşü keçirərək, Sistan və Bəlucistan əyalətinin Helmənd çayından öz payına düşən su ilə əhalini təmin etməməsini pisləyib. Kürdüstan əyalətinin Divandərə şəhərinin sakinləri də içməli suyun 3 gün kəsilməsindən sonra küçələrə çıxaraq hökumət əleyhinə şüarlar səsləndiriblər.

Divandərə şəhərində keçirilən etiraz aksiyalarından yayılan video və fotolardan görünür ki, hökumət təhlükəsizlik qüvvələri vətəndaşların etirazlarına gözyaşardıcı qazla cavab verib, lakin hökumət qüvvələrinin zorakılığına baxmayaraq, vətəndaşlar binanın qarşısına toplaşıblar.

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, ötən bazar günündən etibarən Divandərə şəhərində içməli su kəsilib.

Sistan və Bəlucistan əyalətində Zabul şəhərinin sakinləri növbəti dəfə etiraz yürüşü keçiriblər. Nümayişçilər əllərində hökumət əleyhinə şüarlar yazılmış plakatlar qaldırıblar. İSNA-nın xəbərinə görə, nümayişçilərin prezident İbrahim Rəisidən əyalətdəki su böhranının həlli üçün toplantı keçirməsini tələb etdikləri bildirilib.

Nümayişçilər həmçinin hakimiyyətdən kənd təsərrüfatı və heyvandarlıq sahələrinə dəymiş ziyana görə dərhal maliyyə yardımı göstərməyə və onları dövlət vergilərindən azad etməyə çağırıblar.

Sistan və Bəlucistan əyalətinin Zabul, Nimroz, Zahk, Hamun və Hermand şəhərlərinin sakinləri son həftələrdə böyük maliyyə və insan itkilərinə məruz qalıblar, üstəlik bir neçə il davam edən musson yağışları vəziyyəti daha da pisləşdirib.

Quraqlıq böhranı və su ehtiyatlarının düzgün idarə edilməməsinin bir çox nəticələri var ki, bunlardan da ən mühümü iqlim miqrasiyasının artmasıdır. Çünki son illərdə bir sıra iranlı ailələr şərq və qərbdəki sərhəd bölgələrindən mərkəzi və şimal bölgələrinə köçüblər.

Su ehtiyatlarının düzgün idarə edilməməsi İranın bəzi bölgələrində geniş ictimai etirazlar yaradıb. Hökumət ölkədəki quraqlıq böhranı və su qıtlığının təhlükəsizlik probleminə çevriləcəyindən ehtiyat edir. Məsələn, Tehran 2020-ci ildə Əhvaz və İsfahanda su qıtlığı nəticəsində yaranan hərəkatları zorakılıq, təzyiq, atəş, gözyaşardıcı qaz, həbs, işgəncə və digər üsullarla yatırıb.