İrəvan Ankaranı manipulyasiya etməyə cəhd edir - Politoloq

10:19 14.02.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə baş verən təbii fəlakət sonrası bu ölkəyə yardım göndərən ölkələrdən biri də Ermənistandır. Ermənistan yardımlardan əlavə əraziyə xilasetmə qrupu da göndərib. Ermənistanla bağlı ən diqqətçəkən məqam isə şübhəsiz humanitar yardımların 1993-cü ildən bəri ilk dəfə olaraq Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara-Alican sərhəd-keçid məntəqəsindən keçərək  Türkiyəyə çatdırılması oldu. Ermənistan humanitar yardımlarında nə dərəcədə səmimidir?

Politoloq Turan Rzayev hafta.az-a şərhində bildirib ki,  Ermənistanın Türkiyəyə etdiyi yardımların səmimiliyi şübhə altındadır. Və İrəvan fəlakətdən öz maraqları naminə istifadə etməyə çalışır.

“Birincisi, Marqara-Alican sərhəd-keçid məntəqəsinin açılması Ermənistanın istəyi ilə baş tutub. Rəsmi İrəvan baş verən hadisənin miqyasını və Ankaranın hər cür yardıma xüsusilə də sərhəd ölkələrindən gələcək yardımlara ehtiyacı olduğunu yaxşı bilir. Buna görə də Türkiyənin bu həssas zamanından istifadə edərək Marqara-Alican sərhəd-keçid məntəqəsinin açılmasına nail oldu. Düzdür, bu humanitar məqsədli və müddətlik nəzərdə tutulsa da nəticə etibarilə 30 il sonra belə bir hadisə baş verdi və Ermənistan prosesin ardının gəlməyi üçün bütün səylərini artıracaq.

İkincisi, Ermənistan Marqara-Alican sərhəd-keçid məntəqəsinin açılmasından bir neçə aspektdə, xüsusilə də Azərbaycan ictimaiyyəti daxilində narazılıq yaratmaq üçün istifadə edir. Belə ki, Ermənistan hakimiyyətinə bağlı teleqram və media resurslarında artıq Azərbaycan ictimaiyyətində qıcıq yaradacaq yazılara, paylaşımlara rast gəlinir”.

Ekspert hesab edir ki, rəsmi İrəvan bu yolla iki ölkə münasibətlərinə də zərər verməyə çalışır. Lakin daxili auditoriyanı manipulyasiya etmək bir yana, Marqara-Alican sərhəd-keçid məntəqəsinin açılması çətin ki, Bakı ilə Ankara arasında narazılıq yaratsın.

“Sərhədin açılmasından Azərbaycan tərəfinin xəbəri var və mümkündür ki, iki ölkə başçılarının telefon danışığı zamanı bu məsələ ətrafında müzakirələr olub. Türkiyə Azərbaycanın bu məsələdəki həssasiyyətini bilir və buna görə öncədən sərhədin humanitar məqsədlə müvəqqəti açıldığını qeyd edib.

Üçüncüsü, Türkiyədə təbii fəlakətin baş verdiyi ərazidə kifayət qədər çox erməni yaşayır  və Ermənistanın bu prosesdə iştirak etməsi həm də erməni əsilli türk vətəndaşları ilə bağlıdır. Rəsmi İrəvan bu yolla Anadoludakı ermənilərə təsir etmək və gələcəkdə öz siyasi maraqları üçün onlardan istifadə etmək istəyir”.

Ermənistanın Türkiyəyə humanitar yardım etməsinin iki ölkə münasibətlərinin normallaşmasına gətirib-gətirməyəcəyinə gəlincə, politoloq deyib ki, bu fakt həlledici amil deyil.

“Türkiyə birmənalı şəkildə bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Ermənistandan və onun atacağı konstuktiv addımlardan asılıdır.

Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadığı, Türkiyə və Azərbaycana ərazi iddialarından əl çəkmədiyi təqdirdə iki ölkə münasibətləri də normallaşmayacaq”.

Siyasət rubrikasından digər xəbərlər