Cənubi Qafqazda Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqları, delimitasiya və demarkasiya prosesi geosiyasi gündəmin müzakirə predmeti olaraq birmənalı qarşılanmır. Öz ərazilərini işğaldan azad edən və separatçılığın kökünü kəsən Azərbaycanın Ermənistanla münasibətdə beynəlxalq ictimaiyyətin müdaxilələri ilə üz-üzə dayandığı müşahidə olunur. Post-müharibə dövründə aparılan danışıqlar prosesində Azərbaycanın nəbzini yoxlayan Avropa, Qərbin bir çox təsisatları vaxtında işğalçılığa qarşı sərgiləmədikləri müdafiə mövqeyini bölgədə separatçılığın müdafiəsi naminə Azərbaycana qarşı yönəldib. Ermənilərin Azərbaycan ərazilərində yaşamaq təminatı, müharibə və sonrakı dövrdə həbs olunan separatçıların azadlığı, eləcə də sülh müqaviləsinin bağlanması şərtləri ilə bağlı ölkəmizi test etməkdə davam edirlər.
Prezident İlham Əliyev Kanada səfiri ilə görüşdə danışıqların ikitərəfli formatda daha uğurlu olduğunu qeyd edib. Onun sözlərinə görə, Ermənistan 28 illik bir dövrdə beynəlxalq hüququn fundamental prinsipləri ilə razılaşmaq istəmədi. Onlar bütün humanitar qanunları pozdular, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrinə məhəl qoymadılar. Heç kim onlara zərrə qədər də irad tutmurdu. Münaqişə barədə danışan bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyunə sadiqlik bəyan etmirdilər. Prezident İlham Əliyev vurğuladı ki, indi biz Ermənistanın işğalçı ordusuna döyüş meydanında qalib gəldikdən və onları torpaqlarımızdan qovduqdan sonra bizim ərazi bütövlüyümüzə dəstəklə bağlı bəyanatlar eşidirik. Amma biz bunu artıq özümüz təmin etmişik. Kiminsə bizim ərazi bütövlüyümüzü tanıyıb-tanımaması mahiyyət kəsb etmir. Azərbaycan Prezidenti qeyd etdi ki, bu, torpaqlarımız işğal altında olan bir dövrdə önəmli idi. Bəli, bir sıra Qərb ölkələrində ermənipərəst sentimentlərin mövcudluğu, erməni diasporunun rol oynaması məlumdur. Beynəlxalq hüquqa gəldikdə bu emosiyalar kənara qoyulmalıdır. Bunu anlamaq önəmlidir ki, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərin 1-2 ilə həll edilməsi çətindir. Həm də Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara, demək olar ki, dekabr ayında başlanılıb. Ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi. Prezident İlham Əliyev vurğuladı ki, çünki bu, bizim daxili məsələmizdir. Beləliklə, separatçı rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq danışıqlar cəmi 6 aydır gedir. Dövlətimizin başçısı bildirdi ki, buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir.
Azərbaycan Prezidenti qeyd etdi ki, bununla yanaşı, danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyirik. Dövlətimizin başçısı dedi: “Zənnimcə, sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”. Prezident İlham Əliyev qeyd etdi ki, bu, onların konstitusiyaya dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq.
Qayıdış hüququ ilə əlaqədar səfirin şərhinə cavabında Azərbaycan Prezidenti bildirdi ki, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir. Bu xüsusda dövlətimizin başçısı keçən yüzillikdə, sonuncusu 1988-ci ildə olmaqla müxtəlif mərhələlərdə köklü Azərbaycan əhalisinin indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qaldığını və onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını qeyd etdi.
Danışıqların ikitrəfli formatı nə vəd edir və tərəflər bu məsələyə necə yanaşır? Demarkasiya prosesi necə davam edir?
Ermənistan konstitusiyasında bu bəndin qalması gələcəkdə hansı təhlükə yarada bilər? Bakının bu məsələdə israrının əsas səbəbləri hansılardır?
Deputat Razi Nurullayev bildirir ki, Ermənistan kostitusiyasında keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, anneksiya edilməsi ilə bağlı müddəalar çıxarılmadan sülh müqaviləsinin bağlanması riskdir. Onun sözlərinə görə, Ermənistan konstitusiyasında elə bir müddəa qalarsa, Paşinyandan sonra hakimiyyətə gələnlər bu məsələni qaldıracaq və Azərbaycana qarşı yenidən ərazi iddialarını ortaya atacaq:
“Bu şəkildə sülh müqaviləsinin bağlanması gələcək nəsillər üçün yeni problemin yaradılması olar. Azərbaycan buna getməyəcək. Bu məsələdə ölkə Prezidentinin qətiyyətli mövqeyini görürük, bütün xalq buna şahiddir. Ona görə də Ermənistan həmin müddəanı mütləq şəkildə konstutisiyasından çıxarmalıdır. Yalnız bundan sonra Azərbaycan Ermənistanla sülh müqaviləsini bağlaya bilər.
Azərbaycan Ermənistana təzyiq göstərməlidir ki, haqq yoluna gəlsin. Azərbaycana və Türkiyəyə qarşı iddialarını geri götürsün. Emənilərin Qarabağa qayıtmasını istəyirlər. Bu o zaman mümkün ola bilər ki, Qərbi Azərbaycan icması da beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur və o siyahıda olan insanlar öz dədə-baba yurduna qayıtmalıdır. Azərbaycanlıların İrəvandan qovulması tək 1988-ci ildə baş verməyib. XX əsrdə ən azı 3-4 dəfə etnik təmizlənməyə məruz qalıblar. Ermənistan azərbaycanlıların öz yurduna qayıtmasına razılıq verməlidir”.
R.Nurullayev sülh müqavləsinin bu il ərzində bağlanmasına çox az inandığını deyib. Hesab edir ki, Ermənistan əsaslı addımlar atmaqdan uzaqdır: “Mövqelər yaxınlaşır, müsbət siqnallar gəlir. Amma bütün bunlar sülh müqaviləsinin bir neçə ay müddətinə bağlanması anlamına gəlmir”.
Deputat Elşad Mirbəşir bildirir ki, Prezident Kanadanın ölkəmizə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edən zaman bir sıra məsələlərə toxunub. O, başlıca məqamın Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı olduğunu deyib. Ermənistan Konstitusiyasında dəyişiklik olmayacaqsa, Azərbaycana olan ərazi iddialarından əl çəkməyəcəklərsə, sülh də olmayacaq:
“Ermənistan Konstitusiyada dəyişiklik etmədən Azərbaycanla sülh imzalayacaqsa, bu, sadəcə onların zaman udmasına xidmət edəcək. Ermənistan Konstitusiyasının 116-cı maddəsinin 3-cü bəndində göstərilir ki, Ermənistanın imzaladığı beynəlxalq sənəd konstitusiya ilə ziddiyyət təşkil edərsə, o sənəd ratifikasiya olunmayacaq. Deməli, Ermənstan Azərbaycanla sülh müqaviləsi inzalayacaqsa, bu, Ermənistan üzərinə heç bir öhdəlik qoymayacaq, yəni heç bir hüquqi əsası olmayacaq. İlk fürsətdə Ermənistan yenə də Azərbaycana qarşı ərazi iddialarını irəli sürəcək. Bu baxımdan Prezident Ermənistanda Konstitusiya dəyişikliyini sülhün əsas şərtlərindən biri kimi irəli sürür”.
E.Mirbəşir bildirir ki, Azərbaycanla Ermənistan arasında sülh məsələsi Bakının digər ölkələrlə münasibətinə hər hansı təsir göstərə bilməz. Onun sözlərinə görə, bu, Azərbaycanla Ermənistan arasında olan məsələdir. Azərbaycan Avropa İttifaqının 10 ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərindədir. Azərbaycanla Ermənistan arasındakı münasibətlərin iki ölkə arasında həllinin tərəfdarıdır:
“Kənar müdaxilələr olmamalıdır və artıq ötən ilin dekabr ayından başlayaraq Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar var və sərhədlərin delimitasiyası, demarkasiyasının təcrübəsi formalaşıb. Bunun özü onu nümayiş etdirir ki, iki tərəf öz arasındakı məsələni müzakirə edib həlli yollarını tapa bilirlər. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. İndiki mərhələdə Ölkəmizin ərazi bütövlüyünün kim tərəfindən tanınıb-tanınmaması bizim üçün mahiyyət kəsb etmir. Ölkə Prezidenti bununla ölkəmizin güclü mövqeyini bir daha dünyaya vurğulamış oldu. Bizim mövqeyimiz haqlı mövqedir, tələblərimiz haqlı tələblərdir. Əgər Ermənistan regionda sülh istəyirsə, Azərbaycanın haqlı tələblərinə əməl etməlidir. Bu gün əsas tələbimiz Ermənistanın Azərbaycanın ərazi iddiasının olmamasını sübut etməsidir ki, bu da Konstitusiyanın dəyişdirilməsi ilə ola bilər. Ermənistan Azəbaycanın çağırışlarına uyğun addım atarsa, bir neçə ay müddətində sülh müqaviləsi istiqamətində iş tamamlanar”.
Deputat Sahib Alıyev hesab edir ki, Prezident İlham Əliyevin Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən Ermənistanla sülh anlaşmasının və hayların Qarabağa qayıdışlarının hansı şərtlər çərçivəsində baş tutacağı haqda verdiyi izah, səfirin özündən çox qərbdəki bəlli çevrələr və onların yedəklərində sürünənlər üçün nəzərdə tutulmuşdu: “Axı səfir elə bir yüksək səlahiyyət daşıyıcısı deyil ki, Azərbaycanın dövlət başçısı “kollektiv qərb”dəkilərin qlobal gündəliyə çıxarmağa çalışdıqları məsələlərlə bağlı ətraflı fikir bölüşsün. Özü də əgər söhbət Birləşmiş Ştatların Lüksemburq rolunu oynayan bir ölkənin səfirindən gedirsə. Düşünürəm ki, Prezident İlham Əliyevin Kevin Hamiltona anlatdıqları Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms o’Braynla qapalı görüşdə deyilənlərin bir növ təkrarıydı. Onun təkrarı idi ki, yaydığı hesabatlar acı gülüş, istehza, bəzən isə ikrah doğuran "Freedom House”a Bakıdan əliboş dönən o'braynlar və rəhbərləri hansı tapşırığı verir-versin, sözü gedən qurum Qarabağda haylara qarşı guya etnik təmizləmə aparıldığı ilə bağlı nə sayıqlayır-sayıqlasın, Azərbaycan öz mövqeyini dəyişən deyil”.
S.Alıyev bildirir ki, Ermənistanla sülh anlaşması Azərbaycana qarşı ərazi iddiası ortadan çıxmayacaqsa mümkünsüzdür. Hesab edir ki, Qarabağı özləri tərk edib gedən hayların ora dönüşləri isə o zaman baş tuta bilər ki, Qərbi Azərbaycan icmasının üzvləri də öz dədə-baba torpaqlarına qayıtsınlar.
S.Alıyev qeyd edib ki, Xristian Həmrəyliyi adlı rasist və ksenofob yığnağının "Freedom House”un saxta hesabına dayanaraq Azərbaycanın Paris olimpiadasına buraxılmaması çağırışı da göstərir ki, bu sinxronluğu təşkil edənlər yenə də öz şantaj ənənələrindən əl çəkməyiblər. Amma əvvəlki təzyiqlərinin nə ilə qurtardığını xatırlayaraq düzgün nəticə çıxarsaydılar, anlayardılar ki, belə rəzilliklərə yol verməklə onlar bizdə özlərinə qarşı nifrət doğurmaqdan başqa heç nə əldə edə bilməyəcəklər.