Samux rayonunun Əhmədbəyli kəndində istismar müddətini 20 il əvvəl bitirmiş işıq dirəkləri sakinlər üçün təhlükə mənbəyinə çevrilib.
Bu barədə hafta.az-ın əməkdaşına kənd sakinləri məlumat veriblər. Onlar bildiriblər ki, sovet dövründə istismara verilən ağır gərginlikli elektrik xətlərinin dayaq dirəkləri qəzalı vəziyyətdədir.
Belə ki, iki hissədən ibarət olan dirəklərin ağac hissəsi çürüyüb və xətt fazalarının evlərin üzərinə aşmaq ehtimalı günbəgün artmaqdadır. Dirəklərin bir çoxunun müvazinət dayaqları əyilib. Evlərin üzərinə aşmaq təhlükəsi artıb.
Bunun baş verəcəyi təqdirdə böyük hansı böyük faciələrə gətirib çıxaracağını təsəvvür etmək elə də çətin deyil. Sakinlər belə deyir. Onlar işıq dirəklərinin tez bir zamanda, faciə baş verməmiş dəyişdirilməsini tələb edirlər.
Əhmədbəyli sakinləri bildirir ki, işıq dirəklərinin dəyişdirilməsi ilə bağlı dəfələrlə rayon icra hakimiyyətinə məlumat veriblər. Xəbərdarlıq ediblər. Sakinlərin iddialarına görə bir nəticə yoxdur.
Sakinlər bildirib ki, işıq dirəkləri yaşayış evlərinin bir addımlığındadır. Körpə uşaqların yüyürüb-qaçdığı, oyun oynadıqları yerlərdir. Ona görə də azyaşlıların başına gələcək hər hansı bir faicədən ehtiyat edirlər.


