İspaniya hökuməti ƏLCƏZAİRƏ SÖZ VERDİ

13:50 29.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əlcəzair hökuməti qonşu Mərakeşlə yaşadıqları diplomatik böhran səbəbilə İspaniyaya, məhz Mərakeşin əraziisndən tranzit olunan kəmərlə qaz tədarükünü dayandıracağını elan etmişdi. Bu günlərdə isə İspaniya hökuməti Əlcəzairə rəsmi şəkildə söz verdi ki, alınan qazdan üçüncü tərəfə (Mərakeş nəzərdə tutulub - V.T.) bir kubmetr də olsun verilməyəcək. 

Hafta.az-ın yazdığına görə, İspaniyanın xəbər agentliklərinin yaydığı məlumatda deyilir ki, İspaniya Əlcəzairin narahatlığını anlayır. "Əlcəzair tərəfi düşünür ki, Məğrib-Avropa boru xətti ilə qaz tədarükünə başladıqları təqdirdə, Mərakeş tərəfi öz ərazisindən keçən bu kəmərdən hansısa formada pay götürə bilər. Amma Madrid rəsmən öhdəlik götürür ki, Əlcəzair həmin qazı birbaşa İspaniyaya satır və Mərakeşin boruya hər hansı formada müdaxilə etməsi mümkün deyil", - məlumatda deyilir. 

 

Əlcəzairin Enerji və Mədən Nazirliyindən dünən verilən məlumatda da deyilir ki, enerji naziri Məhəmməd Arkab ispaniyalı həmkarından email-məktub alıb. İspaniya tərəfi Məğrib-Avropa kəməri ilə daşınan Əlcəzair qazından Mərakeşin yararlana bilməyəcəyinə dair söz verib. BU səbəbdən də qazın axışına icazə verilsə belə, Mərakeşin həmin  qazdan istifadə etdiyinə dair məlumat alınarsa, bu Madridlə Əlcəzair arasında bağlanmış sazişin sona çatması demək olacaq. Yəni qaz tədarükçüsü olan "Sonatrach" avtomatik İspaniyaya qaz tədarükünü dayandıracaq.  

Qeyd edək ki, Qərbi Səhra problemi səbəbindən ötən ilin oktyabr ayında Mərakeşlə Əlcəzair arasında diplomatik böhran yaranıb. Odur ki, oktyabrın 31-də Əlcəzair prezidenti Əbdülməcin Tebbunun əmri ilə Məğrib-Avropa boru xətti ilə qaz ixracatı dayandırılıb. Hansı ki, Mərakeş ərazisindən keçən həmin xətlə məhz İspaniyaya qaz ixrac olunurdu. Əlcəzair oktyabr ayındən bəri Avropaya satdığı qazı 2011-ci ildə istifadəyə verilən və birbaşa İspaniyaya uzanan "Medgaz" Boru Xətti ilə göndərir. Üstəlik, prezident Tebbun nə olur-olsun, Madridi qazsız qoymayacağını da dilə gətirmişdi. 

Yuxarıda qeyd etdiyimiz kimi, Ələczairlə Mərakeş arasında Qərbi Səhra məsələsinə görə problem yaşanır. Mərakeş iddia edir ki, Əlcəzair separatçı Polisario Cəbhəsini dəstəkləyir. İspaniya uzun illər boyu bu məsələdə tərəfsiz qalmağa çalışsa da, ötən ilin mart ayında rəsmi Rabatın "Qərbi Səhranın Mərakeşin tərkibində muxtar ərazi olaraq qalması proqramını" dəstəkləyib. Əlcəzair də İspaniyanın bu qərarına etiraz olaraq Madriddəki səfirni geri çağırmışdı.