İspaniya Nazirlər Şurasının iclasında alınan qərarla ölkədə ildə iki bonusla cəmi 14 ödənişlə edilən minimum əməkhaqqının 5 faiz artırılaraq 1134 avroya (2072 manat) çatdırılması təsdiq edilib. Eləcə də bu həcmdə maaşı alanlar gəlir vergisindən azad olacaqlar.
Hafta.az-ın yazdığına görə, hökumət sözçüsü və təhsil naziri Pilar Alegria mətbuat konfransında bildirib ki, 2017-ci ildə hakimiyyətə gəldikdən sonra minimum əməkhaqqının ümumi artımı 54 faizə çatıb.
“Biz minimum əməkhaqqı alan 2,5 milyon işçimizin, xüsusən də qadınların həyat keyfiyyətini açıq şəkildə yaxşılaşdırdıq” deyən Alegria, 1 yanvardan etibarən qüvvəyə minəcək artımla birlikdə illik brüt minimum əməkhaqqının 15876 avro olacağını qeyd edib.
Avropa İttifaqı ölkələri arasında son 5 ildə minimum əməkhaqqını ən çox artıran ölkə İspaniya olsa da, Almaniya (2054 avro), Belçika (1994 avro) və Fransa (1766) kimi ölkələrdən geri qalır.