Qəzza müharibəsindən və İrana qarşı əməliyyatdan sonra İsrail, Donald Tramp administrasiyasının dəstəyini alaraq, Amerika ictimai rəyinin dəstəyini qazanmaq üçün səylərini artırıb. “The Wall Street Journal” xəbər verir ki, Təl-Əviv hökuməti on milyonlarla dollar xərcləyərək süni intellektlə işləyən mesajlaşma və media kampaniyasına başlayıb.
Hafta.az yazır ki, bu vəzifəni yerinə yetirənlərdən biri də Trampın keçmiş kampaniya meneceri və rəqəmsal strategiya üzrə mütəxəssis Bred Parskeyldir.
45 milyon dollarlıq müqavilə alan Parskeyl, son aylarda milyonlarla amerikalı telefonuna süni intellektlə yaradılan mesajlar göndərən bir kampaniyaya rəhbərlik edir.
"Sülh Dostları" adlı bir qrupu təmsil etdiyini iddia edən Emma və ya Sara adlı göndərənlərdən gələn bir mesajda soruşulur: "Sizcə, ABŞ-İsrail sülh danışıqları İranla qlobal təhlükəsizliyə necə təsir edəcək?". Bu mesaja cavab verənlər ABŞ-İsrail münasibətlərinin qorunmasının vacibliyini və Təl-Əviv hökumətinin gücünü vurğulayan bir söhbətə cəlb olunurlar.
Parskeyl həmçinin baş strateq olduğu Salem Media-da İsrail tərəfdarı reklamlar yayımlayır. Bu media qrupuna Hyu Hevitt, Skott Cenninqs və Lara Tramp kimi tanınmış mühafizəkar podkast və radio aparıcıları daxildir.
"Yanlış məlumat, haradan gəlirsə gəlsin, İsrail üçün mövcudluq təhlükəsi yaradır" deyən Parskeyl iddia edir ki, onun kampaniyası ABŞ-İran danışıqlarına təsir göstərməyi hədəfləməyib.
Donald Trampın keçmiş strateqi Stiv Bennon soruşur: "İkinci ən böyük mühafizəkar tok-şou qeydiyyatdan keçmiş xarici agent tərəfindən necə idarə oluna bilər?"
Lakin Salem Media və Parskeyl proqramçılara və ya qonaqlara İsraili dəstəklədikləri üçün ödənilən reklam pulları arasında heç bir əlaqə olmadığını iddia edirlər.
ABŞ vitse-prezidenti JD Vens bu yaxınlarda İsrailin təsir kampaniyasının İranla münaqişəyə son qoymaq üçün ABŞ danışıqlarını pozmağa çalışdığını irəli sürüb. Vens bəzi İsrail rəsmilərinin "müharibənin bitməsinin qarşısını almaq üçün Amerika ictimai rəyini manipulyasiya etməyə və dəyişdirməyə çalışdıqlarını" bildirib.
"The Wall Street Journal" İsrailin ABŞ-da ictimai dəstəyi bərpa etməsinin çox çətin olacağını bildirir və hətta Trampın da özəl ianə toplama tədbirlərində İsrailə olan ictimai dəstəyin azalması barədə danışdığını qeyd edir.
Xatırladaq ki, İsrail 2026-cı il büdcəsində ölkənin dünyadakı imicini yaxşılaşdırmaq üçün 700 milyon dollardan çox vəsait ayırıb və Parskeyldən başqa ABŞ-da bu məqsədlə bir çox insan işə götürülüb.
Məqalə Bannonun sözləri ilə yekunlaşır: "Onlar satıla bilməyən bir şeyi satmağa çalışırlar".
14 iyulda "Time" jurnalı tərəfindən dərc edilən xüsusi araşdırma hesabatında da Parscale-in İsrail adından ABŞ-ın daxili siyasətini manipulyasiya etmək məqsədi daşıyan gizli rəqəmsal təsir əməliyyatı apardığı bildirilir.
Bunun ardınca İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin ABŞ administrasiyasını manipulyasiya yolu ilə sonsuz müharibəyə sürükləməyə çalışdığını bildirərək, "İsrail yenidən ABŞ-dakı müxalif səsləri susdurmaq üçün ABŞ vergi ödəyicilərinin dollarlarından istifadə edir" deyib.