İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsi iki ölkənin baş nazirləri Ulf Kristersson və Sanna Marin tərəfindən Helsinkidə keçirilən görüşdə müzakirə olunub. Hafta.az TASS-a istinadən xəbər verir ki, kabinetlərin rəhbərləri bildiriblər ki, ölkələrin alyansa birlikdə qoşulması zəruridir.
“Bizim müraciətlərimizi ratifikasiya etməyən başqa iki ölkə, Macarıstan və Türkiyə var və hesab edirəm ki, Finlandiya və İsveçin əl-ələ verib NATO-ya qoşulması çox vacibdir. Üzvlüyümüz bütün müdafiə ittifaqını gücləndirəcək”, - Marin bildirib.
Öz növbəsində Kristersson Marinlə razılaşıb və Türkiyə prezidenti Ərdoğanla danışıqlar üçün Ankaraya getməyə hazır olduğunu açıqlayıb.
Kristersson İsveçin terrorla mübarizəni davam etdirməyə hazır olduğunu da vurğulayıb.
“Biz Türkiyənin terrorla mübarizənin qanuni olması ilə bağlı narahatlığını anlayır və ona hörmət edirik. İsveç, Finlandiya və Türkiyə arasında üçtərəfli razılaşmada razılaşdığımızı yerinə yetiririk, amma bunu qanun çərçivəsində edirik” deyən nazir müraciət prosesinin nə qədər davam edəcəyi ilə bağlı heç bir proqnoz verməyib. "Türkiyə öz qərarlarını verir, biz İsveçin Madriddə razılaşdığını həyata keçirməyə çalışırıq", - Kristersson əlavə edib.
Kristerssonun fikrincə, Şimali Avropa ölkələrinin daxil olması NATO-nu gücləndirəcək.