Sabitliyin mövcudluğuna görə Azərbaycana sərmayə qoyuluşu da təmin edilir. Keçən il Azərbaycana 13,5 milyard dollar xarici sərmayə qoyulubdur, bu ilin yanvar ayında bərpaolunan enerji növlərinin yaradılmasına yönəlmiş 440 milyon dollar xarici sərmayənin qoyuluşu ilə əlaqədar müvafiq sənədlər imzalanmışdır.
Hafta.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində səsləndirib. Dövlət başçısı deyib:
"Ümumiyyətlə, Davos İqtisadi Forumunda bizim iştirakımız çox uğurlu olub. Davos Ümumdünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzi məhz Azərbaycanda yaradılacaq. Bu mərkəz Qafqaz-Orta Asiya məkanını əhatə edəcəkdir və müvafiq sənəd də imzalanmışdır. Bu, bir daha bizim güclü mövqelərimizi ifadə edir".