“Kəlbəcər Azərbaycanın ən böyük dağlıq ərazisi, sərt iqlimi olan şəhəridir. Düzdür, Kəlbəcər silahsız alınıb. Lakin Azərbaycan əsgəri Ağdam, Kəlbəcər, Laçın üçün döyüşüb. Kəlbəcər Cəbrayıl azad olunanda azad olunub, Füzuli, Qubadlı, Zəngilan, Şuşa azad olunanda azad olunub. Düşmən atəşkəs bəyanatını imzalamağa məcbur olub. Bu, əslində təslimçilik idi və bu rayonlar şəhid verilmədən azad edildi”.
Bunu hafta.az-a hərbi ekspert Emin Həsənli Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin 1 illiyi ilə bağlı açıqlamasında bildirib.
E.Həsənli Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti barədə danışarkən mühüm məqamlara diqqət çəkib. O, bildirib ki, Kəlbəcər tarixi Azərbaycan torpağı olan Ermənistanla həmsərhəddir və onun yüksəkliklərindən həm Ermənistanın özünə, Qarabağ iqtisadi zonasındakı bölgələrə tam nəzarət etmək mümkündür.
“Kəlbəcər Tərtər, Ağdərə, Ağdam, Göyçə gölünə qədər olan əraziləri nəzarətdə saxlamaq üçün çox strateji bir yerdədir. Ona görə də, Kəlbəcərin azad olunması düşmənin planlarını alt-üst edib. Kəlbəcərin azad edilməsinin hərbi, iqtisadi, mənəvi baxımdan üstünlükləri həddən artıq çoxdur”.
E.Həsənli bildirib ki, Ordumuz Azərbaycanın Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində böyük zəfər əldə etdi.
“Kəlbəcərin azad olunması tarixi qələbədir, Azərbaycanın ən şanlı səhifələrindən biridir. Kəlbəcərdə daim üçrəngli bayraq dalğalanacaq. Bütün kəlbəcərliləri, bütün xalqımızı təbrik edirəm. Torpaqlarımzın azadlığı uğrunda Şəhid olmuş əziz insanlarımızın xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.